"Bakıda mənzillərin qiymətinin bahalaşmasının səbəbini tək müharibədən sonra Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi ilə əlaqələndirmək olmaz. Burada səbəblər həddən artıq çoxdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, burada makroiqtisadi amillər mühüm rol oynayır:
"Ölkə daxilində tikinti prosesi ilə bağlı qəbul olunan qərarlar, ipoteka kreditlərinin verilməsində artımların olması da qeyd olunmalıdır. Yəni, bunu təkcə Rusiya faktoruna bağlamaq doğru deyil. Rusiyadan axın əsasən nə vaxt baş verdi? Keçən ilin sentyabr-oktyabr aylarında. Ancaq bu gün belə bir axın müşahidə olunmur. Fiziki baxımdan insan axını var və bu proses bu gün də qismən də olsa davam edir. Bura Ukraynanı da əlavə etmək olar. Amma daşınmaz əmlak bazarındakı qiymət artımının baş verməsi bilavasitə bu proseslə bağlı deyil.
Qeyd etdiyim kimi, makroiqtisadi faktorlar var. Ölkədə çox kəskin və sürətli şəkildə infrastruktur işlərinin həyata keçirilməsi, yəni təqribən Azərbaycanın bir hissəsinin yenidən qurulması prosesi gedir. Bu prosesə təkcə il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği üç milyard manatdan yuxarıdır. Bura digər fondlardan daxilolmaları da əlavə etsək, bu rəqəm dörd milyarda yaxınlaşır və belə deyək də, tikinti prosesinə ayrılan vəsaitlərin çox cüzi bir hissəsi daşınmaz əmlak bazarına yönəlir. Təbii ki, bu da daşınmaz əmlak bazarı üçün riskdir.
Eyni zamanda ipoteka kreditlərində əvvəl sadəcə dövlət tərəfindən bu proses həyata keçirilirdisə, yalnız dövlət ipotekası təklif olunurdusa, bu gün artıq ölkənin aparıcı bir sıra bankları bu prosesə öz daxili vəsaitləri, resursları hesabına qoşulublar və bu proses günü-gündən davam etməkdədir. Yəni, bütün bu proseslərin üst-üstə düşməsi, eyni zamanda, ölkədə inşaat sektoru istiqamətində tikintinin aparılması ilə bağlı qəbul olunan qərarlar və sərtləşdirmələrin həyata keçirilməsi tikinti üzrə qiymətlərin artımına gətirib çıxarıb".
Şəhanə Demokrat.az


