Sosial

“Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilib — FOTOLAR

“Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilib — FOTOLAR

06 aprel 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan sektorunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Salyan rayonu Çuxanlı kəndində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilmişdir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.

Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş hərbçi Əliş Şirinov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi Polkovnik Vüqar Ağayev, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandir müavini Polkovnik Niyaməddin Abdullayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan sektorunun əməkdaşı Emin Məlikov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin əməkdaşı Röyal Əsgərov, Salyan rayonunun 36 Ümumtəhsil tam orta məktəbinin komandaları və hərbi rəhbərləri iştirak etmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqətini daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Daha sonra qeyd etdi ki, bu gün ölkəmizdə yüksək vətənpərvərlik hisslərinə malik müasir Azərbaycan gəncləri yetişib, formalaşmışdır. Məhz fomalaşmış vətənpərvər Azərbaycan gəncləri böyük şücaət göstərərək Qarabağ torpaqlarını, Şuşanı işğaldan xilas etdilər. Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş hərbçi Əliş Şirinov çıxışında bildirdi ki, illər ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandir müavini Polkovnik Niyaməddin Abdullayev çıxış edərək bildirib ki, ordumuzun müasir standartlara uyğun formalaşdırılması, müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.

Daha sonra çıxış edən Salyan rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov bildirdi ki, hərbi idman oyunlarının keçirilməsi yeniyetmə məktəblilərin gələcək həyatlarında olduqca əhəmiyyətlidir. Hərbi idman oyunları bir növ məktəblilərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

Dövlət Himni səsləndirildikdən sonra yarışa start verildi. Ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında keçirilmişdir. Hər mərhələ üzrə təyin edilmiş hakimlər tərəfindən qiymətləndirmələr aparıldıqdan sonra yekun hesablamalara əsasən qaliblər elan edildi.

Yekun nəticədə III yeri Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin komandası, II yeri Qarabala Mayılov adına Kürsəngi kənd tam orta məktəbin komandası, I yeri Salyan rayon Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta məktəbin komandası tutdu. Salyan şəhər Mərdan Muradxanov adına 6 saylı tam orta məktəbin komandası və Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin komandaları birinciliyin fərqlənmiş komandaları seçildilər. Salyan şəhər Yavər Qafarov adına 8 saylı tam orta məktəbin hərbi rəhbəri Zamiq Əsgərov, Salyan rayon Ramiz Qafarov adına Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri Faiq Abdullayev, Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin hərbi rəhbəri Ceyhun Məmmədov birincilikdə komandalarının çıxışlarına görə fərqlənən hərbi rəhbərlər seçildilər. Qaliblər və fərqlənmiş komanda və iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

“Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilib — FOTOLAR
“Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilib — FOTOLAR
“Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova