Kriminal Özəl

SON DƏQİQƏ! Bakıda 36 yaşlı kişi ad günündə dostunu qətlə yetirdi

SON DƏQİQƏ! Bakıda 36 yaşlı kişi ad günündə dostunu qətlə yetirdi

Bakının Suraxanı rayonunda 1986-cı il təvəllüdlü Səbuhi şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı, 1984-cü il təvəllüdlü əfqanı qətlə yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səbuhi 26 sentyabr 2022-ci ildə dostluq münasibətində olduğu Əfqan ilə birlikdə öz doğum gününün qeyd edilməsi münasibəti ilə bir neçə məkanda, son olaraq Hövsan qəsəbəsi ərazisində “34” adlandırılan kafedə yemək yeyib, spirtli içki qəbul ediblər.

Daha sonra Səbuhi sentyabrın 27-də, gecə saat 04 radələrində evə gedərkən Əfqanın ondan doğum günü ilə bağlı digər dostu tərəfindən hədiyyə edilmiş qol saatını doğum günündə iştirak edən tək dostu olduğunu bildirməklə istəməsi, hədiyyə edilmiş saatı ona verməməsinə görə mübahisə edib.

Aralarında yaranmış narazılıq səbəbindən Əfqan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, kəllə ilə onun burun nahiyyəsinə zərbələr vurub.

Bu səbəbdən Səbuhi Əfqandan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaxınlığından keçdikləri yaşadığı evə gedib və üzərində qan ləkələri olan paltarlarını dəyişib, sonra evin mətbəxindən mətbəx bıçağını götürərək geri qayıdıb.

Daha sonra Səbuhi küçədə Əfqanı axtarmağa başlayıb və onu yaşadığı evin yaxınlığında tapıb. Onlar “Hovsan parkı” adlanan parka gəliblər. Orada Səbuhi şalvarının bel nahiyyəsindən çıxardığı bıçaqla Əfqanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub.

O, aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-ci (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ititham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, hadisə 26-sı gecə olub:

“Sadəcə olaraq, o insanla mənim düşmənçiliyim olmayıb. 4 ay dost kimi olmuşuq. İçkili olmuşuq və bir də ən çox, yəni söyüşə görə davalarımiz yaranıb. Birinci mübahisəyə Əfqan başlayıb, söyüşə görə vurmuşam. Başqa bir düşmənçiliyim, problemlərim olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hətta parkda oturaraq Əfqana 2 dəfə bıçaqla vurub:

“15 dəqiqə oturaraq parkda söhbət etdik ki, səhər mənim ad günü idi. Orada aramızda mübahisə oldu. Burnum da sındı, onlar hamısı düzələn şeydir. Sadəcə olaraq, həmin adam təzədən skamyadan qalxandan sonra dedim ki, gedək, səhər ad günümdür, səhər işimiz çoxdur, 4 aydır bir yerdə idik. Durandan sonra qayıdaraq mənə dedi ki, vapşe, bilirsən nə var? Nə demişəm, nə söymüşəm düz eləmişəm. Ondan sonra bıçaqdan istifadə etdim. Vurduqdan sonra Əfqan qaçaraq təndir dükanına girdi. Orada da mübahisələrimiz oldu. Bıçaq vurduqdan sonra Əfqan qaçdı. Arxasınca çıxdım, onu axtardım. Həmin parkın yanında təcili yardım var idi. Gördüm ki, artıq təcili yardım çağırıblar. Nasılkaya onu qoyublar, özü də xəstəxanaya aparıb. Xəstəxanaya çatanda o keçindi”.

Təqsirləndirilən şəxs deyib ki, ən çox söyüşə görə hadisə baş verib:

“Çünki Əfqanı başa da saldım ki, ailə söyüşü olmaz. Bildiyim qədərilə, onun dediyinə görə, anası-atası rəhmətə gedib. Ona başa saldım ki, öz zarafatımız var, o başqa şey, ailə söyüşü götürmürük. Yəni heç bir şəxs götürməz. Onun yerində mən də ola bilərdim. Ailə üzvlərim haqqında söyüş söydü. Məhkəmə zalı olduğu üçün deyiləsi söz deyil. Nəsil, var-yox, ana barədə söyüşlər idi. Əfqan məni vurdu. Əfqan birinci mənə 3 dəfə kəllə vurdu. 3 yerdən sınıqlarım oldu. Nəfəs almağımda da problem var. Xəstəxanaya çatdırılmasında iştirak etmişdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən şəxs ifadəsində göstərib ki, hadisə yerində olmayıb:

“Yalan heç nə deyə bilmərəm. Sadəcə olaraq, ittiham aktında belə bir şey oxudum ki, Səbuhi Əfqanı gəzəndə onun qabağına çıxdığını deyib. Ancaq yolda qabağına çıxmayıb. O, Əfqanı gedib evdən tapıb. Səbuhi onu gecə saat 3-4-ün yarısı evdən çıxardı. Bunu Əfqanın qızı və yoldaşı da eşidib. Dediklərinə görə tək olmayıb, 2 nəfər olublar. Səbuhi Əfqanı çağırıb, digəri də bir az dayanaraq deyib ki, şərəfsiz qalxdı, ailəsinin yanına, gəl gedək. Onu evdən çağırıb çıxarıblar. Onlar dalaşıblar. Səbuhinin burnunu sındırıb. Əfqan isə evə çıxıb gedib. Səbuhi də evə gedib. Səbuhi evə gedib paltarını dəyişib, nəsə fikirləşib, bıçaq götürərək Əfqanı evdən çölə çıxarıb və deyib ki, gedək, danışaq. Mən orada olmamışam. Əfqanın yoldaşı belə deyib. Mən də bilirəm ki, yoldaşı yalan demir. Yoldaşı deyirdi ki, Əfqan gedib, yarım saat və yaxud qırx dəqiqə sonra zəng ediblər, ancaq zəng çatmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Səbuhi 17 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az