Hadisə Özəl

Toydan gələn gənc qonşusuna xəsarət yetirdi

Toydan gələn gənc qonşusuna xəsarət yetirdi

Qusar rayonunda 1996-cı il təvəllüdlü Elvin qonşusu Vahidə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 18-də rayonum Həzrə kəndində baş verib.

Elvin aralarında yaranmış mübahisə zamanı qonşusu Vahisi yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin özünü təqsirli bilib.

O bildirib ki, hadisə günü Düztahir-oba kəndində keçirilən toyda iştirak etmək üçün gedib:

“Həmin gün saat 23 radələrində toydan evə qayıtdım. Evin qabağında olan vaxt evimizdən bir az aralıda Vahidin söyüş söydüyünü eşitdim. Onun yanına getdim. Ora çatanda Vahidin və Eldarın sərxoş olduqlarını, Vahidin yüksək səslə söyüş söydüyünü gördüm. Vahidə söyüş söyməməsini bildirdim. Həmin vaxt Vahid məni söymədiyini, dostunu söydüyünü dedi. Vahidin cavabından əsəbləşdim. Yumruqla onun gözündən vurdum. Zərbədən Vahid yerə yıxıldı. Bundan sonra evə qayıtdım”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vahidin sözlərinə görə, hadisə günü, saat 14 radələrində dostunu odun doğramaq üçün evlərinə dəvət edib:

“Biz bir yerdə işlədik, sonra yemək yedik və spirtli içki qəbul etdik. Sonra biz kənddə olan pivəxanaya gedərək pivə içdik. Həmin gün təxminən saat 23-24 radələrində pivəxanadan çıxaraq evə qayıdan zaman dostumu söydüm. Bu zaman Elvin hardansa çıxaraq üstümə gəldi. Mənə “niyə bizi söyürsən” dedi. Mən də Elvinə onu söymədiyimi, dostum Eldarı söydüyümü dedim. Elvin isə heç nə demədən yumruqla üzümdən vurdu. Zərbədən yerə yıxıldım. Həmin vaxt Eldar məni ayağa qaldırdı. Mən evə getdim”.

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmişin barışdığını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb.

Bu səbəbdən Elvinin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az