Qarabağ Özəl

"İstənilən vaxt Xankəndi və ətraf ərazilərdə anti-terror əməliyyatları keçirə bilərik"

İstənilən vaxt Xankəndi və ətraf ərazilərdə anti-terror əməliyyatları keçirə bilərik

"Azərbaycan istənilən vaxt Xankəndi və ətraf ərazilərdə anti-terror əməliyyatları keçirə bilər. Bunun üçün kifayət qədər hüquqi əsaslar var. Həmin ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bu ərazilər üzərində də tam nəzarətin ələ keçirilməsi, təhlükəsizliyin təmin olunması bilavasitə Azərbaycan dövlətinin məsuliyyətinə aid olan məsələdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik qeyd edib ki, indiki şəraitdə ərazidə müvəqqəti məskunlaşan Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirə bilməməsi, həmçinin sülhməramlı kontingentin baş verən insidentlər haqqında birtərəfli qaydada konkret separatçıların mövqeyini müdafiə edərək məlumatlar yayması prosesin sülhməramlılar tərəfindən tənzimlənə bilməyəcəyini bir daha ortaya qoyur:

"Eyni zamanda sülhməramlı kontingentin Azərbaycan ərazisindəki mövcudluğunun legitimliyini də şübhə altına alır. Bu legitimliyi şübhə altına alan amillərdən biri 10 noyabr bəyanatında yer alan konkret olaraq bəyanatın dördüncü müddəasının ilk cümləsinin tamamilə yerinə yetirilməməsidir. Yəni bir cümlədə yer alan öhdəliklər əgər yerinə yetirilmirsə, mahiyyət etibarilə bu həmin cümlənin qüvvədən düşdüyünü təsdiqləyən bir hüquqi faktordur. Həmin cümlədə qeyd olunur ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərinə daxil olduqları anda, zamanda, eyni vaxtda erməni hərbi birləşmələri Azərbaycan ərazilərini tərk edirlər.

İstənilən vaxt Xankəndi və ətraf ərazilərdə anti-terror əməliyyatları keçirə bilərik

Məlum olduğu kimi erməni birləşmələri Azərbaycan ərazilərini tərk etməyiblər. Bu gün də silah-sursat daşınır Azərbaycan ərazilərinə, eyni zamanda canlı qüvvənin rotasiyası həyata keçirilir. Bu aspektdən, yəni artıq Rusiya sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğunun hüquqi baxımdan şübhə altına düşdüyünü söyləyə bilərik. Yəni necə ola bilər ki, eyni cümlənin bir hissəsindəki öhdəlik yerinə yetirilir, digər hissə isə mahiyyət etibarilə yerinə yetirilmir. Yəni, daha doğrusu, vəzifə yerinə yetirilmir. Bu aspektdən də Azərbaycan bütövlükdə Laçın yolu üzərində tam nəzarəti həyata keçirməlidir. Həmin ərazidə Azərbaycanın müvafiq dövlət qurumlarının nəzarət mexanizmləri işə düşməlidir. Həmin ərazinin Ermənistanla həmsərhəd olan hissəsində sərhəd-keçid məntəqəsi yaradılmalı və Azərbaycan ərazilərinə daxilolmalar ölkənin digər sərhəd buraxılış məntəqələrində olduğu kimi müvafiq qaydada viza və yaxud sadələşdirilmiş viza rejimi əsasında gerçəkləşməlidir.

Bu aspektdən düşünürəm ki, həm Azərbaycan dövlətinin rəsmi mövqeyi, həm də bütövlükdə Azərbaycan vətəndaşlarının bu mövqeyi tamamilə dəstəkləyən fikirləri bu istiqamətdə təxirə salınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir və şübhə etmirəm ki, Azərbaycan ordusu ölkəmizin qarşısında dayanan bu vəzifənin də öhdəsindən layiqincə gələcək və biz ərazilərimizdəki terrorçuları, cinayətkarları ölkəmizdən təmizləyə biləcəyik".

Aynurə Demokrat.az

D
demokrat.az