Siyasət Özəl

Azərbaycan Xankəndidə anti-terror əməliyyatına başlayır? — Polkovnikdən AÇIQLAMA

Azərbaycan Xankəndidə anti-terror əməliyyatına başlayır? — Polkovnikdən AÇIQLAMA

"Qarabağda bu və ya digər formada təxribatlar gözlənilən idi. Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, sülh müqaviləsindən qaçması, sözdə bir əməldə başqa olması kimi davranışları regionda inkişafı sülhə doğru yox, sülhdən qaçma bir fəaliyyət kimi dəyərləndirilməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert vurğulayıb ki, istər Ermənistanın daxilində, istər xaricində olan bəzi qüvvələr burada gərginlik yaratmaqda maraqlıdır:

"Bəzi qüvvələr müəyyən bir şəkildə burada gərginlik yaradaraq başqa oyunçuların bura cəlb edilməsini istəyirlər. Təbii ki, Azərbaycan-Ermənistan arasında olan bu münaqişənin qloballaşdırılması Azərbaycanın xeyrinə yox, maraqlarına zidd ola biləcək təsirlərdir. Burada vəziyyəti gərginləşdirmək üçün də müəyyən bir şəkildə hansısa təxribat olmalı idi". Polkovnik Ramaldanovun sözlərinə görə, bölgədə anti-terror əməliyyatlarının keçirilməsi qaçılmazdır:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dəfələrlə öz xəbərdarlığını vermişdi. Bildirmişdir ki, istər Ermənistan hərbi-siyasi rəhbərliyi, istər də onların havadarları Azərbaycana hər hansı bir təhlükə yarada biləcək şəkildə işlər aparacaqsa, o zaman Azərbaycan dərhal adekvat addımını atacaqdır. Qaçaqmalçılıq yolu ilə silah-sursatın daşınması da Azərbaycanın maraqlarına zidd bir vəziyyətdir. Qeyd edim ki, Azərbaycan ərazisində olan qanunsuz silahlı bölmələr Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunur və onlar silahlandırılırlar. Bu silahlar da anbarlardan gətirilir və Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir. Yəni, Ermənistan məğlub olsa da, ancaq Azərbaycan daxilində müəyyən bir ərazidə separatçı rejimi tam şəkildə dəstəkləyir, onları gücləndirməkdə davam edirlər. Təbii ki, bu da gələcəkdə təxribata doğru aparan bir yoldur. Mən düşünürəm ki, cənab Prezidentin dediyi kimi, bu baxımdan 2023-cü il həlledici il olacaq. Əgər o zaman çərçivəsində istər erməni hərbi-siyasi rəhbərliyi, istər Rusiya sülhməramlı qüvvələri dördüncü bəndi yerinə yetirməsələr, onda Azərbaycanın antiterror əməliyyatı aparmaq üçün əsası var. Bildiyimiz kimi, üçtərəfli bəyannamədə separatçıların tərksilah edilməsi ilə bağlı konkret bir bənd var. Hələ ki, Azərbaycan ərazisində qanunsuz silahlılar var, Azərbaycan daim daxilində təhlükə ilə üz-üzə ola bilər. Bunu anlamayan, başa düşməyən yoxdur və bununla bağlı müəyyən tədbirlər görülməkdədir. Xatırladım ki, Laçın dəhlizi 5 km enində olan bir ərazidir və orada olan bütün yolları nəzarət altında saxlayırıq. Laçın, Şuşa, Xankəndi yolunda ekofəallarımız oradan qanunsuz silah-sursatın aparılmasına, daha doğrusu, qanunsuz yüklərin aparılmasına müəyyən bir şəkildə əngəl yarada bilirlər".

Hərbi ekspertin fikrincə, Ermənistan-Azərbaycan sərhədində nəzarət mexanizmi yaradılmalıdır:

"Ancaq Laçın dəhlizi də müəyyən bir nöqtədən başlayır və o nöqtə də Ermənistandan Azərbaycana keçən bir ərazidir. Həmin ərazidə də sərhəd postu və digər gömrük, mexanizm, yeni postları məntəqələri qurulmalıdır. Beynəlxalq normalar çərçivəsində bütün yollarda nəzarət postları durmalıdır, o cümlədən Laçın dəhlizində. Belə olduğu halda, Azərbaycana gələn qanunsuz yüklərin, arzuolunmaz şəxslərin gəlməsinin qarşısı alınacaq. Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə nümayəndələri ilə birgə həmin nəzarət mexanizmində iştirak edə bilərlər. Və əsas odur ki, oradan gələn yüklər və oradan gələn şəxslər məhz razılaşdırılmış şəkildə və icazəli şəkildə keçəcək. Bu isə Azərbaycanın maraqlarına cavab verir".

Aynurə Demokrat.az

D
demokrat.az