Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli artıq Surxay Musayevin istefasını qəbul edib.
Əldə etdiyimiz digər məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir. Hazırda həkim kimi klinikada fəaliyyətini davam etdirən professor və ATU rəhbərliyi tibb işçilərinin əmək haqlarının ödənilməsi üçün çıxış yolu axtarırlar. 
Qeyd edək ki, Tədris Terapevtik Klinikasının işçiləri maaşlarının verilməməsindən şikayət edib. ATU-nun bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. "Maaş almağımız üçün xəstəyə ehtiyacımız var”, deyə tibb işçisi bildirib. 
O bildirib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək: "Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

Xatırladaq ki, 25 fevral 2023-cü ildə "ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?” başlığı ilə yazı da dərc etmişdik. Belə ki, ATU tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.
Əldə etdiyimiz digər məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli başda olmaqla ATU rəhbərliyində təmsil olunan digər şəxslərin də yaxınları müxtəlif vəzifələrdə çalışırlar.


