"Son günlər biz Rusiyanın vasitəçilik səylərinin intensivləşməsinin şahidi oluruq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Politoloq qeyd ediib ki, bu, ilk növbədə Azərbaycanın və Ermənistanın bilavasitə təmasa can atmasının və buna nail olmasının yaratdığı narahatlıqla bağlıdır:
"Çünki 10 noyabr Bəyanatı Rusiyanın zəmanət durması faktı ilə imzalanıb və Rusiya heç də bu roldan imtina etmək istəmir, əksinə onu gücləndirməyə çalışır. Ukraynaya Rusiyanın işğalçı hücumu, bununla əlaqədar beynəlxalq təcridə məruz qalması Kremlin vasitəçilik səylərini nisbətən arxa plana keçirmişdir. Hal-hazırda Ukrayna ilə müharibədə döyüş meydanında ruslar müəyyən qədər cəbhənin sabitləşməsinə nail olublar. Bundan istifadə edərək artıq prioritet hesab etdikləri digər məsələlərə diqqət ayırmağa başlayıblar".
Politoloqun sözlərinə görə, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları ruslar üçün olduqca mühümdür: "Onların Cənubi Qafqazdakı hərbi, strateji, iqtisadi maraqları ilə diktə olunur. Bu prosesin Ermənistanın cəhd etdiyi kimi Qərb ölkələrinin tam nəzarətə keçməsinə imkan verməyəcəklər. Rusların fəallaşması xeyli dərəcədə Paşinyan və onun komandasının danışıqlar prosesini yalnız Qərb platformalarında davam etdirməsi səyləri ilə bağlıdır. Və Azərbaycan üçün platformaların, müstəvilərin o qədər də fərqi yoxdur.Azərbaycan üçün əsas vasitə milli maraqların qorunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suverenliyin tam həcmində bütün ərazilərdə bərpa olunmasıdır. Bu şərtlərin hansı platformada danışıqlar aparılmasından asılı olmayaraq bu şərtlərə riayət olunursa, Azərbaycan tərəfi bu danışıqları davam etdirməkdə maraqlıdır. Lakin biz birmənalı şəkildə görürük ki, Ermənistan rəhbərliyi yalnız Qərb platformalarında danışıqların aparılmasına üstünlük verir. Eyni zamanda, son vaxtlar Paşinyanın təşəbbüsü ilə Fransanın aktiv şəkildə vasitəçilik missiyasını yerinə yetirməsinə cəhd göstərməsi, eyni zamanda Azərbaycan-ermənistan sərhəddinə Avropa İttifaqının göndərilməsi, bu misisyadan əlavə ermənilər çalışır ki, digər Avropa ölkələrini müşahidəçi missiyaları gəlsin. Proses belə davam edərsə ruslar ikinci rolda oynamalı olacaqlar".