Bakının Nəsimi rayonunda 1995-ci il təvəllüdlü Sakit münaqişə zamanlı Taleni bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sakit yaşadığı Oğuz rayonundan işləmək məqsədilə gəldiyi Bakı şəhərində gecələmək üçün yeri olmadığına görə 10 aprel 2022-ci ildə, gecə saat 04 radələrində Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısından keçən zaman qeyd edilən binanın giriş qapısını açıb və orada gecələmək istəyib.
Bu zaman əvvəlcədən tanımadığı Tale ona yaxınlaşaraq nə etməsi ilə bağlı maraqlanmasına görə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Talenin onu səkinin üzərindən götürdüyü boş şüşə butulka ilə başından vurmasından sonra qarşısındakı şəxsdən fiziki cəhətdən zəif olduğunu anlayaraq xilas olmaq və oradan uzaqlaşmaq, həmçinin qisas niyyətilə ov bıçağı ilə onu vurub.
İstintaq orqanı tərəfindən Sakitin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sakit ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, işləmək məqsədilə yaşadığı Oğuz rayonundan Bakı şəhərinə gəlib: “Gecələmək üçün yerim olmadığına və hava soyuq olduğuna görə aprelin 10-da, gecə saat 04 Moskva prospektində ünvanın bilmədiyim binanının giriş qapısını açaraq orada gecələmək istədim. Bu vaxt sonradan adını öyrəndiyim Tale məndən nə etdiyimi soruşdu, məni yanına çağırdı və aramızda mübahisə yarandı. Mübahisə vaxtı orada tanımadığım başqa bir şəxs də olub. Taleyə Bakı şəhərində qalmağa yerim olmadığına görə binanın giriş qapısını açaraq blokda gecələmək istədiyimi bildirdim. Talenin sakitləşməsini istədim. Həmin vaxt Tale səkinin üzərindən götürdüyü boş şüşə butulka ilə bir dəfə başımdan vurdu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Taledən bir az aralanıb: “Lakin Talenin yenidən arxamca gəldiyini gördüm. Məni vuracağını düşündüm. Talenin məndən fiziki cəhətdən güclü olduğunu hiss etdiyimdən və şüşə butulka ilə başımdan vurulması mənə pis təsir etdiyindən üzərimdə gəzdirdiyim açılıb-qatlanan bıçaqla Taleyə bir neçə dəfə xəsarət yetirdim. Hadisə yerindən qaçdım. Sonradan bıçağın üzərində olan qan ləkələrini itirmək üçün yudum. Hadisə barədə heç kəsə danışmadım. Daha sonra isə polis əməkdaşları məni tutdu. Taleni vurduğum bıçağı da polislərə təqdim etdim. Həmin bıçağı 2-3 ay əvvəl xatırlamadığım mağazadan almışam. Suvenir kimi üzərimdə gəzdirmişəm.
Cinayət işi üzrə zərərçəkmiş Talenin sözlərinə görə, aprelin 10-da, gecə saat 03-04 radələrində Moskva prospektində hərəkət edən zaman bir nəfər şəxsin binalardan birinin qapısını açmağa çalışmasını müşahidə etdiyini görüb: “Həmin şəxsin hərəkətləri mənə şübhəli gəldiyindən nə etməsini öyrənmək üçün onu yanıma çağırdım. Söhbət etmək üçün kim olduğunu və nə etdiyini soruşdum. Söhbət zamanı həmin şəxsin Sakit olduğunu bildim. Sakitin suallara cavab verərkən həyəcanlandığını gördükdə, daha çox şübhə etməyə başladımş Buna görə də ondan təkrarən nə etməsini soruşdum. Sakit Bakı şəhərinə işləmək məqsədilə hansısa rayondan gəldiyini və Bakıda qalmağa yeri olmadığına görə binanın blokunda gecələmək istədiyinə görə blokun qapısını açmaq istədiyini bildirdi. Sakit ondan əl çəkməyimi istədikdə, bir az da əsəbiləşərək səkidə olan boş şüşə butulkanı götürərək başına vurdum. Çünki Sakitin binanın qapısını açmaq istəməsi məndə oğurluq etməsi ilə bağlı şübhələr yaratdı. Şüşə butulka ilə Sakitin başına vurduqdan sonra aralaşdığına görə yenidən ona yaxınlaşmaq istədim. Bu zaman Sakit məni bıçaqla vurdu, qaçaraq getdi. Buna baxmayaraq özümü itirmədim və xəstəxanaya çatdırılmağım üçün təcili tibbi yardım çağırdım. Sakiti əvvəllər tanımamışam, ilk dəfə həmin hadisə baş verən günü görmüşəm”.
Zərərçəkmiş qeyd edib ki, mübahisə zamanı Sakit onu öldürməklə hədələməyib, bu xarakterli ifadələr söyləyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sakit 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


