“Bu dəfə avropalı müşahidəçilər təkcə Azərbaycan-Ermənistan sərhədini deyil, bütün Ermənistan ərazisini müşahidə edəcəklər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. O, qeyd edib ki, Avropa İttifaqının bu addımını Qafqazda nüfuz dairəsi uğrunda savaşda növbəti gediş kimi qiymətləndirilməlidir:
“Azərbaycan-Ermənistan sərhədində hərbi baza yarada bilməyən Fransa daha sonra rus sülhməramlıların Rusiya ilə birlikdə BMT mandatı altında sülhməramlı kontingent ilə dəyişdirilməsini tələb etmişdi. Həm anqlosakson blokdan, yəni ABŞ və Böyük Britaniyadan, həm də Rusiyadan dəstək almayan Fransa Ermənistandakı rus hərbi kontingentinin beynəlxalq koalisiya ilə (BMT mandatı altında) əvəz edilməsi təklifini irəli sürmüşdü. Bu təklif isə İrəvan tərəfindən dəstəklənirdi. Təbii ki, Gümrüdə rus hərbi bazasının əleyhinə etiraz aksiyaları keçirilən bir ərəfədə Avropa İttifaqının bu addımı mühüm gediş kimi dəyərləndirilməlidir.

Ümumiyyətlə, Qərb regiona dolayı yolla daxil olmaqda qərarlıdır. Qafqazda açıq şəkildə hərbi baza üçün icazə ala bilməyən Fransa bunu dolayı yolla etmək istəyir. Rəsmi Vaşinqton isə susqun görünür. Çünki nə qədər Fransa və şəxsən Makron öz ambisiyalarını həyata keçirmiş kimi görünsə də, əslində Avropa İttifaqı ABŞ-ın susqun razılığı ilə fəaliyyət göstərir. Faktiki olaraq, rəsmi Vaşinqton Rusiya ilə geosiyasi mübarizənin Qafqaz cəbhəsinin əsasını qoyur. Bu artıq geopolitik mübarizənin bizim sərhədlərimizə, bizim ərazilərimizə gəlməsi deməkdir”.
Aynurə Demokrat.az


