Siyasət Özəl

"Bu gün İranın mühərrikinə benzin tökənlər yaxşı düşünməlidir"

Bu gün İranın mühərrikinə benzin tökənlər yaxşı düşünməlidir

"İranın Azərbaycandakı qurduğu şəbəkənin toruna düşənlər zəhmət çəkib bunun hüquqi nəticələrinə qatlaşmalıdır. Düzü, İrana sevgi göstərən, Seyid Əli Xameneinin üstünə toz qondurmayan, İranın strateji maraqlarını hər şeydən üstün tutan şəxslərin hamısının casusluq etdiyinə inanmıram. Hüquqa görə, dövlətə xəyanət, casusluq ayrı-ayrı əməllərə verilən tövsifdir, hərçənd ki, bu işə yardımçı olanlar, kəşfiyyat oyunlarının təkərlərini fırladanlar da onlara şərik olurlar.".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib. Analitikin sözlərinə görə, hazırda İranın şəbəkəsinə qarşı keçirilən əməliyyatların nəticələri istintaq tədbirləri ilə daha aydın bilinəcək.

"Mümkündür ki, həmin şəxslərin əməlləri dövlət çevrilişinə cəhd, casusluq, dövlətə xəyanət, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə tövsif edilsin. Hərənin öz əməlinə uyğun hüquqi qiymət veriləcək, təqsiri olmayanlar isə yəqin ki, sərbəst buraxılacaq. Azərbaycana qarşı şəbəkə qurub, bunu din adı altında pərdələmək isə ümumilikdə mənəvi cinayətdir. Bu cinayətə şərik olanlar bir tərəfə, həmin şəbəkənin başında duranlara qarşı tədbirlərin intensivləşəcəyinə şahidlik edə bilərik".

Bu gün İranın mühərrikinə benzin tökənlər yaxşı düşünməlidir

A.Kərimov qeyd edib ki, başqalarını inancına görə ittiham etmək, hədələmək, hər kəsi İranın nağıllarına inandırmaq, inanmayanı hədəfə gətirmək, trol şəbəkəsi yaradaraq Azərbaycanın Konstitusion quruluşunu dağıtmağa yönəlik çağırışlar etməyin bir bədəli olmalı idi. Bu gün İranın mühərrikinə benzin tökənlər yaxşı düşünməlidir, ziyanın yarısından qayıtmaq özü də xeyirdir. Bu hələ inzivaya çəkilib özünü gizlədənlərə aiddir, ancaq inandırıcı da deyil ki, onların QUM dənələri yerləşdirilmiş beyinləri təmizlənsin. Ən effektiv təmizləmə üsulu hüquqi tədbirlərdir və kimsə bunu etiqad azadlığına qarşı hərəkət kimi də qiymətləndirə bilməz. Çünki etiqad, vicdan azadlıqları ilə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan düşüncələrin təbliği arasında kəskin fərq var".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az