"Şuşa-Xankəndi yolunda Azərbaycan ekofəallarının etiraz aksiyası keçirilməsi heç də Laçın dəhlizinin bağlanması anlamına gəlmir. Humanitar məqsədlər üçün bu yol açıqdır. Sadəcə olaraq, Ermənistan tərəfi bundan təbliğat kimi istifadə edərək, Azərbaycana qarşı təzyiq və təbliğat kampaniyası aparmağa çalışır. Göründüyü kimi beynəlxalq birliyin, bir çox dövlətlərin də siyasi dəstəyini almır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, bu gün Qarabağda yaşayan ermənilərə ərzaq, dərman və digər ərzaq məhsulları keçirilir. "Amma, Ermənistan tərəfi çalışır ki, bu yol əvvəlki vəziyyətdə olaraq silah-sursatın daşınması və Azərbaycanın faydalı qızıl yataqlarının qanunsuz istismarını həyata keçirmək üçün istifadə olunsun. Təbii ki, Azərbaycan bununla barışmayacaq. Ermənistan və Rusiya sülhməramlıları şərtləri qəbul etməsə, Azərbaycan da Laçın yolunda etiraz aksiyasını dayandırmayacaq. Bu aksiyalar sonuna qədər davam edəcək. Azərbaycan mütləq şəkildə mini gömrük postu və digər nəzarət buraxılış məntəqəsi qurmalıdır. Çünki, Laçın yolundan il ərzində ermənilər konkret olaraq silah-sursatın daşınmasında istifadə edib. Artıq beynəlxalq birliyin də Ermənistanın bu siyasətindən xəbəri var".