Siyasət Özəl

“Rusiya separatçılara döyüş təlimləri keçərək, onları müharibəyə hazırlayır”

“Rusiya separatçılara döyüş təlimləri keçərək, onları müharibəyə hazırlayır”

"44 günlük müharibədən sonra Ermənistan rəhbərliyi Qarabağda baş verən proseslərə, yəni erməni icmasının məskunlaşdığı ərazilərdə gedən proseslərə son dərəcə etinasız mövqe nümayiş etdirir. Faktiki məsuliyyəti Qarabağ ermənilərinin və Rusiya hərbi qüvvələrinin, yəni Rusiya hökumətinin üzərinə atdı. Azərbaycanın son bir ay ərzində dağlıq Qarabağ məsələsi ilə bağlı və oradakı "sülhməramlı"ların destruktiv mövqeyi ilə yanaşı yumşaq gücdən istifadə etməsi, Rusiyanı çıxılmaz vəziyyətə saldı. Ona görə ki, sülhməramlılar beynəlxalq praktikada yalnız münaqişə tərəflərini ayırmaqla məşğuldur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağın dağlıq hissəsində faktiki olaraq Azərbaycanın suverenliyini mənimsəyir:

“Rusiya separatçılara döyüş təlimləri keçərək, onları müharibəyə hazırlayır”
"Oradakı separatçıları açıq - aşkar silahlandırır, onlara döyüş təlimləri keçərək, onları müharibəyə hazırlayır və lazım gəldikdə onlardan həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etməyə çalışır. Məsələ burasındadır ki, Rusiya eyni zamanda Ermənistana da təzyiq edərək çalışır ki, Ermənistan da Qarabağ üzərində Azərbaycanın suverenliyini şübhə altına alsın. Bu, Paşinyan hökumətini çıxılmaz vəziyyətdə saxlayır, çünki ölkənin daxilindəki rusiyayönlü müxalifət Rusiyanı satqınlıqda ittiham edir. Əlbəttə ki, bu situasiyada da məcbur olur ki, öz əvvəlki mövqeyini korrektə etsin. Beləliklə də, Azərbaycanın Qarabağ üzərindəki hüquqi səlahiyyətlərinə dair məsələni gündəmə gətirsin. Bu, birbaşa Azərbaycan -Ermənistan sülh prosesinə təhdid yaradan davranışdır. Rusiyanın da istədiyi budur. Biz bilirik ki, faktiki Rusiya qismən də olsa, Brüssel prosesini arxa plana keçirməyi bacardı. İndi də sülh prosesini pozmağa cəhd edir. Rusiya kifayət qədər sistemli fəaliyyət göstərir. Amma, eyni zamanda həm Bakıda, həm də İrəvanda yaxşı anlayırlar ki, Rusiyanın məqsədi və niyyəti nədir. Rusiya yenə Qarabağ kartından istifadə etməklə, hər iki ölkəni öz təsiri dairəsində saxlamağa çalışır. Azərbaycanla məsələ bir qədər çətindir, çünki Azərbaycanın mütəffiqi var. Azərbaycan 44 günlük müharibədə qalib çıxmış tərəfdir. Ermənistan da isə mövqelər xeyli zəifdir".

Aynurə Demokrat.az

D
demokrat.az