Kriminal Özəl

Bakıda qonşular arasında qan davası: “Axırınıza çıxacam” — TƏFƏRRÜAT

Bakıda qonşular arasında qan davası: “Axırınıza çıxacam” — TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Kamran şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Seymura xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Seymuru uzun müddətdir tanıyır: “Əvvəllər biz eyni məhəllədə yaşamışıq. Sonradan münasibətlərimiz pozulub. Buna səbəb 2014-cü ildə böyük qardaşım Pərvizin Seymuru bıçaqlaması olub. Buna görə də biz ailəlikcə 2017-ci ildə yaşadığımız məhəllədən Ramana qəsəbəsinə köçdük. Lakin əmim oğlu Məhəmməd həmin məhəllədə yaşadığından tez-tez əvvəllər yaşadığım məhəlləyə gedərək, əmim oğlu ilə görüşmüşəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat təxminən 18.00-da əmisi oğlu ilə görüşmək üçün həmin məhəlləyə gedib və Musabəyov küçəsində fəaliyyət göstərən “Səbirənin mağazası” kimi tanınan mağazanın qarşısından keçib: “Bu zaman Semur mənimlə üz-üzə gəldi. Seymur qışqıraraq mənə “sizin axırınıza çıxacam” dedi. Mən də Seymura yaxınlaşaraq dedim ki, sən bizə heç nə edə bilməzsən. Bu vaxt Seymur yerdən taxta parçası götürərək üstümə cumdu və bir dəfə mənə zərbə endirdi. Mən isə Seymurun zərbəsindən yayındım”.

Kamran bildirib ki, bundan sonra onlar bir-birlərindən yapışaraq tutaşıblar: “Həmin vaxt Seymurun məni vuracağından qorxaraq cibimdə olan bıçağı çıxardım və bir dəfə Seymurun kürəyindən, bir dəfə də boyun nahiyəsindən vurdum. Sonra Seymur məndən əl çəkərək oradan qaçdı. Bunu görərək özüm də oradan uzaqlaşdım. Sonra polis əməkdaşları mənə zəng edərək 12-ci polis bölməsinə dəvət etdilər. Mən də 12-ci polis bölməsinə gedərək təslim olub”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Seymurun sözlərinə görə, əvvəllər Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məhkum olunub və cəzasını çəkdikdən sonra Sabunçu rayonu, Günəşli küçəsində yerləşən evə qayıdıb: “Cəzadan azad olunduqdan sonra bıçaqla bağlı tövbə etmişəm və fərdi əməklə məşğul olmaqla dolanmışam. Əvvəllər Kamrangillə eyni məhəllədə yaşamışam və biz qonşu olmuşuq. Aramızda münasibətlər normal olub”.

Zərərçəkmiş qeyd edib ki bir neçə il əvvəl Pərviz məhəllədəki narkoman şəxslərin sözlərinə qulaq asaraq onunla dalaşıb və həmin vaxt Pərviz onu bıçaqlayıb: “Lakin həmin vaxt Pərvizdən şikayətçi olmadım. Pərvizdən şikayət etməsəm də, Pərvizin ailəsi və Pərvizin özü məndən üzr istəmədi. Ona görə də Pərvizgildən narazı qaldım. Sonra Pərviz həbs olundu. Pərvizin atası Qiyas ailəsi ilə birlikdə həmin məhəllədən Ramana qəsəbəsinə köçdü. Buna baxmayaraq, Pərvizgilin ailəsinə kin saxladım. Pərvizi bağışladığım halda, Pərvizin və sonuncunun ailəsinin üzr istəməməsi mənə çox pis təsir etdi. Bu hadisədən sonra hər dəfə Qeysin kiçik oğlu Kamranla rastlaşanda, kinli-kinli Kamrana baxmışam, Kamran da mənə baxıb. Pərvizgilin məndən üzrə istəməməsini həzm edə bilməmişəm”.

Seymurun ifadəsinə görə, hadisə günü yaşadığı evdən çıxıb və “Sabunçu bazarı” istiqamətində gedərkən “Səbirənin dükanı” deyilən mağazanın qarşısından keçib: “Həmin vaxt orada Kamranın mağazanın qarşısında dayandığını gördüm. Kamranın yanından keçdikdə, özümü saxlaya bilməyərək onun üstünə qışqırdım. Dedim ki, vaxt gələcək sizin hamınızın axırınıza çıxacağam. Bu vaxt Kamran bildirdi ki, sən bizi bezdirmisən, bizdən nə istəyirsən? Mən çevrilərək arxaya baxdıqda, Kamranın mənə tərəf gəldiyini gördüm. Bu vaxt yerdə taxta parçası gördüm və həmin taxta parçasını yerdən götürərək Kamranın üstünə getdim. Kamrandan yaşca xeyli böyük olsa da, həmin vaxt hisslərimi cilovlaya bilmədim və Kamranı döymək istədim. Sonra üzü-üzə gəldik. Həmin vaxt Kamrana taxta ilə zərbə endirdim. Lakin Kamran zərbəmdən yayındı”.

Seymur qeyd edib ki, bundan sonra onlar bir-birini tutublar: “Bu vaxt Kamran bıçaqla bir dəfə kürəyimə zərbə vurdum. Bundan qorxdum və ona görə də Kamranı daha çox özümə sıxdım. Bu vaxt Kamran boyun nahiyəmin arxa tərəfinə də bir dəfə bıçaq zərbəsi vurdu. Bütün bunlardan sonra qorxudan Kamranı buraxdım və oradan qaçaraq xəstəxanaya getdim. Həmin vaxt Kamran arxamca gəlməyib. Mənim boynumdan qan sürətlə axmağa başlayıb. Ona görə də taksiyə minərək 3 saylı xəstəxanaya getdim. Bir gündən sonra Kamranın ailə üzvləri müalicə olunduğum 3 saylı xəstəxanasına gələrək ziyanı ödəmək istədiklərini bildirdilər, barışıq təklif etdilər. Mən razılaşdımr. Bundan sonra Kamrangili 200 manat xəstəxana xərcini ödədilər və sonra mən könüllü olaraq Kamranla barışdım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az