"Putinin Valday klubunda səsləndirdiyi təxribatçı bəyanatdan sonra birmənalı şəkildə aydın oldu ki, Rusiya Azərbaycanın qətiyyən qəbul etməyəcəyi bir planı reallaşdırmaq istəyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, Putin Soçi görüşündə bunu açıq şəkildə dedi:
“Putin görüş zamanı “Qarabağ münaqişəsi artıq bitməlidir” deməklə, Qarabağ münaqişəsinin bitmədiyini elan etdi. Qarabağın "statusu" məsələsinin isə təxirə salınmasını vurğuladı. Düzdür, müddət söyləməsə də, bunun kifayət qədər uzunmüddət olduğu göz qabağındadır. Bu müddətdə Rusiya sülhməramlıları bölgədə qalmalıdır. Nədən uzunmüddətli deyirəm, çünki 2020-ci ilin noyabrında açıq şəkildə demişdi ki, Qarabağın "statusu" gələcəkdə, hətta gələcək hakimiyyətlər tərəfindən müzakirə oluna bilər. Putin hələ uzunmüddət hakimiyyətdən getmək fikrinin olmadığını nəzərə alsaq, deməli hələ rus sülhməramlıları uzunmüddət bölgəni tərk etmək fikrində deyillər. Bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermir.
Soçi görüşündən sonra aydın oldu ki, 1990-cı illərin Rusiyası geri qayıdır. Soçi uğursuzluğundan sonra Rusiyanın təzyiq yolu seçəcəyi və Azərbaycana qarşı təxribatlara başlayacağı şübhə doğurmurdu. Ancaq hələ başlamayıb və Rusiyanın əsas təxribatları qarşıdadır.

Aynurə Demokrat.az


