“Rəsmi statistikası verilməsə də, İranda təxminən 30-40 milyon türk yaşamaqdadır. Bunların da 30 milyonu Güney Azərbaycan türkləridir. Ümumiyyətlə, İran adlanan məmləkətdə azərbaycanlıların tamamilə hüquqları məhdudlaşdırılıb. Onların heç bir haqq və hüquqları tanınmır”.
Bu barədə Demokrat.az-a yazar, siyasi fəal Məhəmməd Rəhmanifər danışıb. O, qeyd edib ki, azərbaycanlıların öz dillərində təhsil almaqları üçün məktəb belə yoxdur.
“Hətta, dərsliklər içində bir kitab yoxdur ki, onlar öz ana dillərində oxusunlar. Qeyri-rəsmi olaraq evlərdə ana dili dərsini verənləri isə həbs edirlər. Bizim yoldaşlarımızın bir çoxu ana dilində dərs keçdiyi üçün zindandadır. Dünya ana dili günü münasibətilə azərbaycanlılar bəzən orada bir törənlər qurmaq istəyirlər. Ancaq hər zaman İran tərəfindən basqı olurdu və insanlar həbs edilirdilər. Mən özüm də bir zaman belə törənə qatıldığım üçün tutulmuşdum. İranda azərbaycanlıların bütün hüquqları məhdudlaşdırılıb. Hətta Urmiya gölünü gözümüzün qabağında qurutdular. İllər boyu aksiyalar keçirtdilər, rəsmilərə məktublar yazdılar, çağırışda bulundular, amma heç bir faydası olmadı. Niyyətləri o gölü qurutmaq idi. Beləliklə, Azərbaycan türklərini Azərbaycandan köçürtmək amacını demək olar irəli aparırdılar. Azərbaycanlıların yaşadığı bölgələrə sərmayə yatırtmaq məsələsi dövlət tərəfindən sıfırdır. İşsizlik Cənubi Azərbaycanda qat-qat başqa bölgələrdən daha çoxdur. Bunun da bir amacı budur ki, azərbaycanlıları köçürtmək istəyirlər. Yəni, iş tapmayan azərbaycanlılar məcbur olur fars bölgələrinə köçür. Fars bölgələrinə köçdükdən 1-2 nəsil sonra onların uşaqları əslən azərbaycanlı olduqlarını unudurlar, ana dillərini unudur və fars dilində danışırlar. Özlərini isə fars bilirlər. Bu da 100 il bundan qabaq başlanmış siyasətdir. Bir çox Azərbaycan türkləri vardır ki, onlar əslən azərbaycanlı olduqlarını unudurlar. Bunların hamısını yan-yana qoyanda insan haqlarının pozulmasını görürük. Bir azərbaycanlı olaraq öz kültürünə, ənəsinə və öz ata-babasından gəlmiş olan mirasa sahib çıxa bilmirlər. Dərslik kitablarında hər zaman türkləri aşağılayırlar, təhqir edirlər. Onları türk olduqlarına görə utandırmaq istəyirlər. Bizim musiqimizə qadağalar vardır. Bunlar hamısı Güney Azərbaycan türklərinə dövlət tərəfindən uyğulanan basqılardır və bu basqılar da saysız-hesabsızdır. Ən başlıca amac isə bizim burada kimliyimizi və varlığımızı aparmaqdır“.