Dünyanın ən varlı adamları arasında yer alan Ceff Bezosa qarşı qaldırılan yeni iddia dünya mətbuatında gündəm olub.
Demokrat.az xəbər verir ki, iddianı qaldıran şəxs son zamanlar Ceff Bezosun evində təmizlikçi işləyən Mercedes Vedadır.
Onun səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Onun keçmiş qulluqçusu Mercedes Veda Amazon-un qurucusu milyarder Ceff Bezosu məhkəməyə verib. Noyabrın 1-də Ali Məhkəməyə müraciət edən Vedanın irəli sürdüyü ittihamlar böyük müzakirələrə səbəb olub.
Veda məhkəməyə verdiyi ərizədə Latın mənşəli olduğu üçün irqi ayrı-seçkiliyə məruz qaldığını, özünün və digər qulluqçuların qeyri-insani şəraitdə işləməyə məcbur edildiyini bildirib. Bezosun malikanəsində üç il işlədiyini bildirən Veda, ona və digər işçilərə ağdərili işçilərdən fərqli davranıldığını bildirib. 
Xidmətçilərin malikanənin əsas binasından kənarda yerləşən mühafizə idarəsinin yanındakı tualetdən istifadə etmək istədikləri, lakin “təhlükəsizlik protokolu”nu pozduqları üçün bu tualetin qadağan edildiyi bildirilib. 
İddianamədə Veda həm Bezosu, həm də onun şəxsi sərmayələrini və əmlaklarını idarə edən şəxsi ittiah edib. Veda ev işçilərinin işə götürülməsi və işdən çıxarılmasını idarə edən Zefram və Northwestern şirkətlərini günahlandırıb.
Bezosun vəkillərindən olan Harri Korrell bütün ittihamları rədd edib və Vedanın irqi ayrı-seçkiliyə məruz qalması ilə bağlı iddiasını “absurd” adlandırıb.
Vedanın zəif performans səbəbiylə işdən çıxarıldığını ifadə edən Harri Korrell bunları deyib: "Əvvəlcə 9 milyon dollardan çox pul istədi və şirkət bu tələbi rədd etdikdə məhkəməyə müraciət etməyə qərar verdi. Öz mənşəyini gündəmə gətirərək, onun irqinə və ya milli mənşəyinə görə ayrı-seçkiliklə üz-üzə qalmasını söyləməsi absurddur." /musavat.com


