Siyasət Özəl

“İran bədəli çox ağır olan nəticələrlə qarşılaşa bilər” — Toğrul İsmayıl

“İran bədəli çox ağır olan nəticələrlə qarşılaşa bilər” — Toğrul İsmayıl

“İran hər zaman Azərbaycana qarşı aqressiv mövqe sərgiləyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib. O qeyd edib ki, İran daha öncə də Azərbaycan sərhədlərində təlimlər keçirib:

“İndi də Qarabağ zəfərindən sonra bölgədə dəyişən geosiyasi politik şərtlər İranın indiyə qədər gizli tutduğu niyyətlərini açığa çıxarmasına səbəb olub. Bölgədə baş verən hadisələrdən kənar qalmış İran dövləti özünə yer axtarmağa çalışır. O səbəbdən də, açıq şəkildə Ermənistanı dəstəklədiyini ifadə edir. Əslində bu, onun öz siyasətinə də zidd olan bir şeydir. Çünki İran xarici siyasətində hər zaman islam, xüsusilə də şiəlik üzərinə politikalara yürüdür. Amma hazırki məqamda əhalisi müsəlman olan Azərbaycana qarşı tutumu xristian ermənilərə qarşı tutumundan çox daha fərqlidir. Və gövdə göstərisi, təhdid və digər şeyləri dilə gətirməyə çalışır. Yəni, bu yeni bir şey deyil və bu, məsələlərlə əslində gövdə göstərməsi də “mən də varam, məni də sayın” anlamına gəlir.

Modern dönəmində İranın Azərbaycana saldırması birinci İranın özü üçün fəlakətə gətirib çıxara bilər. İranın düşmənləri olduqca çoxdur, əgər bunu bəhanə edib Azərbaycana saldırsa, o zaman bəhanə edib İrana saldıra bilərlər və ya Azərbaycana İranla müharibədə açıq dəstək verə bilərlər. İkincisi, İranın Azərbaycana hücumu oradakı türk əhalisini ayaqlandıra bilər. Bu da İran üçün daxilən təhlükəli məsələlərdir. Bu gün İran üçün ən vacib məsələ xaricdə siyasət yürütməkdənsə, ölkəsinin içindəki problemi həll etməsi, orada yaşayan insanların haqlarını tanıması, qadınları öldürməməsi kimi məsləhətlər verərdim. Əvvəlcə öz problemlərinzi həll etsin, ondan sonra Azərbaycana meydan oxusun! İranın Azərbaycana gücü yetməz, xüsusilə də onu da xatırladım ki, Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ən üst səviyyəsinə keçib. Anlaşmada 3-cü ölkənin saldırısı zamanı tərəflərin bir-birinə dəstək verməsi qeyd olunub. Yəni, Azərbaycana hücum edən Türkiyəyə də hücum etmiş olur. Bu da İranın işinə gəlməz. Həm Türkiyəni, həm də Azərbaycanı eyni vaxtda qarşısında görmək və onlarla rəqabət etmək onlar üçün bədəli çox ağır olan nəticələrə gətirib çıxara bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az