Hazırda Azərbaycan dövləti üçün əsas məsələ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın ən qısa müddətdə təmin edilməsidir. Ölkə rəhbərliyi də “Böyük Qayıdış”ı yüksək səviyyədə təmin etmək əzmindədir. Ali Baş Komandan, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfər işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirildiyini göstərir. Bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır və sosial obyektlər, aqroparklar istifadəyə verilir. 
Bu yaxınlarda Türkiyn lideri Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Qarabağın ikinci qapısı, Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi bu işlərin ən yüksək səviyyədə görüldüyündən xəbər verir.
“Böyük Qayıdış”la bağlı görülən işlərdən danışan Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə qayıdış hər bir azərbaycanlının müqəddəs arzusudur: 


“Bu yaxınlarda cənab İlham Əliyev Zəngilana yenidən səfər edəndə, orada əlavə yeni yaşayış binalarının, ikimərtəbəli, üçmərtəbəli yaşayış binalarının təməlinin qoyulmasında iştirak etdi. Sözsüz ki, bu binalar da tez bir zamanda istifadəyə veriləcək. Füzulidə də sosial obyektlər tikilir. Həmçinin, Ağdam da müasir şəhərə çevrilməkdədir. Hər iki rayonda məktəblərin, xəstəxanaların tikilməsi nəzərdə tutulur. Yol infrastrukturu yüksək səviyyədə təmin olunub, ərazilərdə mina təmizləmə işləri uğurla davam etdirilir. Bir sözlə, yeni obyektlərin təməli qoyulur. Biz Şuşada olduq, Şuşaya çəkilən yol, orada gedən işlər əlbəttə ki, hər birimizdə qürur doğurur. Bu gün artıq Laçında yeni beynəlxalq hava limanın tikilməsi işlərinə start verilib. Laçına müasir tipli yollar çəkilir, yeni tunellər qazılır ki, bu məsafələri yaxınlaşdıracaq və insanların gələcəkdə rahatlığını təmin edəcəkdir. Yeni dəmir yollarının çəkilməsi sahəsində də uğurlu layihələr həyata keçirilməkdədir. 
DeputatŞərqi Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə əlaqədar danışıqlar aparıldığını diqqətə çatdırdı:
“Əlbəttə ki, hər birimizin bildiyi kimi, bu işə Ermənistan, İran tərəfindən maneələr var. Ancaq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində bu nəqliyyat infrastrukturunun yaradılması həyata keçiriləcək. “Böyük Qayıdış” hər birimizin ürəyindən xəbər verir, hər birimizi ruhlandırır və əlbəttə ki, insanların həmin ərazilərdə yerləşməsi, həmin yerlərdə məskunlaşması Azərbaycanın iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. Çünki həmin ərazilərdə tarixən pambıq, taxıl, meyvə, üzüm, tütün məhsulları yetişdirilib və dağ rayonları, xüsusilə Kəlbəcər və Laçın rayonları heyvandarlığın inkişafı üçün çox münbit ərazilərdir.İnanıram ki, az bir müddətdə həmin ərazilərdə təhlükəsizlik təmin ediləcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar”. 
“Bu gün biz Qarabağda Cənab Prezidentin rəhbərliyi ilə böyük quruculuq, abadlıq işlərinin şahidiyik. Qısa müddətdə Füzulidə, Zəngilanda hava limanları açılıb, istifadəyə verildi. Eyni zamanda, Şuşada da bu işlərin həyata keçirildiyinin şahidiyik”. 
“Hazırda Şərqi Zəngəzur əhalisi “Böyük Qayıdış”a hazırdır. İnsanlarımız səbirsizliklə öz doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Bu gün biz deyə bilərik ki, Azərbaycanda bu işlər çox sürətli və operativ formada həyata keçirilir. Bu gün Azərbaycan dövləti bunun üçün bütün zəruri, ardıcıl və məqsədyönlü tədbirləri uğurla icra edir və həyata keçirir”. 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı Demokrat.az


