“Türkiyə Azərbaycan üçün dost, qardaş elə özü deməkdir!”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan xalqları bir kökdən, bir mədəniyyətdən, bir düşüncədən yaranmış xalqlardır.
“Biz bir xalqıq! Ayrı problemlərimiz, ayrı sevincimiz ola bilməz! Bu gün Türkiyənin Cümhuriyyət günü Azərbaycan üçün də sevincli bir gündür. Şərqdə ilk demokratik dövlətlərdən biri məhz Türkiyə oldu. Türk səsini dünyaya tanıdan məhz Türkiyə oldu. Böyük Mustafa Kamal Atatürkün sayəsində Türk dünyası Türkiyə vasitəsilə Dünya Birliyində layiqli yerini tutdu. Azərbaycan həmişə Türkiyəyə böyük məhəbbətlə yanaşıb. Azərbaycan cəmiyyətində həmişə Türkiyəyə böyük maraq olub. Böyük ziyalılarımzıın əksər hissəsi Türkiyədə təhsil alıb. Türkiyənin ictimai-siyasi fikri ilə yaxından tanış olub, hətta onların formalaşmasında həyata keçirilməsində iştirak ediblər”.
“Azərbaycan müstəqilliyimizi bərpa etdikdən sonra ilk müstəqilliyimizi tanıyan dövlət məhz Türkiyə oldu. Ən çətin anlarda Türkiyə Azərbaycanın yanında oldu. İşğalçı Ermənistanla diplomatik əlaqələri kəsərək, ancaq Azərbaycanın ərazi bütövlüyü təmin etdikdən sonra onunla danışıqların mümkün olduğunu bəyan etdi. Digər tərəfdən, ötən 30 il ərzində bütün sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyəyə çatdı. Və bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyənin prezidenti, çox hörmətli Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində dövlətlərimiz arasındakı münasibətlər dünyaya nümunə olacaq iki dövlət arasındakı münasibətlərdir. Təsadüfi deyil ki, Türkiyə lideri işğaldan azad olunan torpaqlara səfər edən ilk xarici ölkə başçısı oldu. Onun Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan Zəngilan Hava Limanının açılışında iştirak etməsi Türkiyənin Azərbaycana olan münasibətini göstərdi.
Eyni zamanda, Türkiyə iqtisadiyyatına da ən böyük yatırımı Azərbaycan edir. Türkiyə ilə bağlı olan bütün məsələlərdə Azərbaycan öndədir. Onu müdafiə edən, onunla qürur duyan, onun möhkəm və qürurlu olmasında maraqlı olan ilk ölkə Azərbaycandır. Bu birlik sifarişli xalqdan, cəmiyyətdən, sadə Azərbaycan və Türkiyə vətəndaşından gəlir. Keçirilən rəy sorğuları, ara-sıra cəmiyyət içərisində çəkilən reportajlar iki xalqın nə qədər bir-birinə yaxın olduğunu göstərir. Bayram münasibətilə əziz dostlarımızı, qardaşlarımızı təbrik edirik. Bu, bizim də bayramızdır! Necə ki, Azərbaycanın Müstəqillik günü, Zəfər günüdür. Türkiyə Cümhuriyyət günü də böyük bayram hesab edilir. Onları təbrik edir və belə bir qardaşımızın olmasından qürur duyuruq. Ulu Öndərimizin dediyi kimi, “iki dövlət, bir xalq” kimi həmişə yanaşı olacağıq!”.
Aynurə Demokrat.az


