28 oktyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Təbiət Gənclərin gözü ilə” devizi altında Şirvan Milli Parkına gənclərin səyahəti təşkil edilmişdir. Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Şirvan Milli Parkının direktoru Yalçın Əhmədovun rəhbərliyi ilə ekskursiyada Gənclərin Karyera və İnkişaf Mərkəzinin Salyan rayon nümayəndəliyinin əməkdaşları və könüllüləri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən eko klubunun üzvləri iştirak etmişdir.
Tədbir zamanı gənclər “Safari” markalı avtomobillərlə Şirvan Milli Parkı ərazisində ceyranları və canlılar aləmini seyr etdi. Köçəri quşların məskən saldığı göl ərazisinə səyahət edildi.Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. 65 min hektar ərazisi olan Milli Park Bakının Qaradağ rayonu, eləcə də, Salyan və Neftçala rayonlarının inzibati ərazilərini əhatə edir. Ərazidə Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı da yerləşir. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, adları "Qırmızı kitab"a düşən ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Şirvan Milli Parkının turizm bələdçisi Hikmət Qənbərov gənclərə Şirvan Milli Parkı haqqında, Milli Parkın flora və faunası, burada yaşayan digər canlı heyvanlar aləmi haqqında ətraflı məlumat vermişdir. Səyahət zamanı ekskursiya iştirakçıları velosipedlərlə Milli Park ərazisində yürüşə çıxdılar.
Sonda ekskursiya iştirakçıları üçün çay süfrəsi ətrafında tədbir davam etdirildi 













