Siyasət Özəl

“İrana qarşı münasibətlər xüsusi olmalı və heç bir ölkə ilə qonşuluğa bənzəməməlidir” — TƏHLİL

“İrana qarşı münasibətlər xüsusi olmalı və heç bir ölkə ilə qonşuluğa bənzəməməlidir” — TƏHLİL

“İran İslam Respublikası ölkəmizin spesifik çalarla zəngin olan qonşusudur. Ona qarşı münasibətlər xüsusi olmalı və heç bir ölkə ilə qonşuluğa bənzəməməlidir. Çünki İranda bizim çoxsaylı soydaşlarımız yaşayır. Üstəlik, İran geosiyasi məkanda kifayət qədər güclü aktor kimi çıxış edir. Onun proseslərə təsir etmək imkanı və gücü var. Dini dövlət olduğundan xalqı birləşdirən mənəvi dəyəri - İslam dinini dövlətlə birləşdirib. Buna görə də insanlar ideoloji olaraq xarici düşmənlərə qarşı tez birləşə və vahid mövqedən çıxış edə bilirlər. Hətta lazım gəlsə bu yolda ölümə getməkdən belə çəkinmirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Analitikin sözlərinə görə, öz qonşularına münasibətdə də İran din faktorundan istifadə edir.

“Dini təəssübkeşlik, dini həmrəylik, dini inanclar məsələsinə söykənərək özünün ideoloji-siyasi maraqlarını yaya bilir. Məlumdur ki, dini görüşlər o ölkələrdə daha tez yayılır ki, orada insanlar zülm görür, hökumət orqanları vətəndaşların şikayətlərinə baxmırlar. Onda insanların Allaha üz tutmağından başqa yolu qalmır. Belə olduqda isə İranın ideoloji-siyasi maraqlarının təbliğatçıları üçün geniş meydan açılır. Ona görə də Azərbaycan Respublikası öz dövlət maraqlarını, vətəndaşların mənafelərini qorumaq və İranın agentura şəbəkəsinin qarşısını almaq istəyirsə, ölkə daxilində demokratik dəyərləri inkişaf etdirməlidir. Vətəndaşların hüquq və azadlıqları qorunmalıdır, iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır, bacarığına uyğun olaraq hər bir şəxsə onu reallaşdırmaq imkan yaradılmalıdır. Məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa son qoyulmalıdır. Yalnız bu yolla İranın təsir gücünü azaltmaq və şəbəkəsinin qarşısını almaq olar”.

Aynurə Demokrat.az

D
demokrat.az