Siyasət Özəl

“Aparıcı ölkələrin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir” — Deputat

“Aparıcı ölkələrin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir” — Deputat

“Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qeyd edək ki, şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Azərbaycan Ordusunun xüsusi peşəkarlığı sayəsində strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib ki, Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.

“Şərəfli missiyasını uğurla tamamlayan rəşadətli Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdi. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir. Bu müharibə dünya üçün də bir yenilik oldu. Əbəs yerə deyil ki, Azərbaycanın apardığı Vətən müharibəsi bir çox hərbi ekspert tərəfindən XXI əsrin müharibəsi adlandırılır”.

Deputat diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 26-da «Qubadlının azad olunmasına görə» medalı təsis edildi.

“Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən, Qubadlı şəhəri yenidən qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Bundan əlavə dördzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az