Bakı və Abşeron şəhərlərində yaşayan vətəndaşlarından saytımıza şikayət daxil olunub. Vətəndaşlar iddia edirlər ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vətəndaşları əkinə yararlı torpaqlarda ev tikdikləri üçün 500 manat məbləğində cərimə yazıb. Vətəndaşlar bu cərimə ilə razı olmadıqlarını dilə gətiriblər.
Məsələləyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşların cərimələnməsi düzgün deyil. Ekspert əlavə edib ki, əslində həmin əmlakı vətəndaşa satan qurumlar cərimələnməlidir, yaxud da tikintiyə icazə verən qurumlar: 
“Hesab edirəm ki, həmin əraziləri çıxarışla təmin etsələr daha çox qazanarlar. Hazırda Bakı və Abşeronda ən çox alqı-satqı prosesləri çıxarışı olmayan həyətlər üzərində gedir. Çünki onların qiymətləri çox aşağıdır. Həmçinin, çıxarış olmadığına görə də, onlar notarial alqı-satqı edə bilmirlər. Düşünürəm ki, vətəndaşı cərimələməkdənsə, həmin ərazilərə çıxarış vermək lazımdır. Həm vətəndaş məmnuniyyəti olar, həm də vətəndaş mülkiyyət üzərində öz hüquqlarını bərpa etmiş olar. Bu gün çox böyük ərazilər var ki, həmin ərazilərin təyinatı yaşayış təyinatlı deyil. Bu gün o əraziləri sökmək də mümkün deyil. O qədər böyük ərazilər qəsəblər salınıb ki, vətəndaşı oradan köçürmək, kompensasiya vermək və yeni evlərlərə köçürmək üçün 100 milyonlarla vəsait lazımdır. Bilirik ki, həmin əraziləri artıq əkin sahəsi kimi də istifadə etmək mümkün deyil, çünki yaşayış əraziləridir. Mütləq şəkildə bunların təyinatını dəyişib yaşayış məntəqələrinə çevrilməlidir ki, həmin ərazilərdə vətəndaşalara çıxarış verilə bilsin. Cərimələrin olması yaxşı qarşılanmır, çünki elə evlər var ki, 10-15 ildir ki, tikilib. Bunu hansı formada cərimələmək olar?! Çox ərazilər var ki, məsələn, Yasamal, Papanin, Bakının mərkəzində yaşayış massividir, yüz ildən artıqdır ki, vətəndaşlar yaşayıb. Onlara çıxarış belə verməyiblər. Bu problemlər aradan qalxmalıdır. Digərləri başa düşürük ki, təyinatları fərqlidir, amma bunlara niyə çıxarış verilmir? Burada itirən isə iki tərəfdir: vətəndaş və dövlətin büdcəsi. Əlavə edim ki, bu cərimələr yalnız bir dəfə olur. Amma tərəfdarıyam ki, vətəndaşları hansısa formada nəinki 500 manat, hətta 3000 manatadək cərimələsinlər, amma qarşılığında vətəndaşa çıxarış versinlər. Təbii ki, burada heç bir vətəndaş narazı qalmaz və düşünər ki, ola bilər yanlış ərazidə tikmişəm, ona görə dövlət məni cərimələyir, amma qarşılıq olaraq çıxarış verir”.
Milli Məclisin deputatı Vahid Əhmədov da məsələyə münasibət bildirib: 
“Belə hallarda vətəndaşlarımızın cəzalandırılmasını düzgün hesab etmirəm, çünki həmin ərazilərdə evləri onlar icazəsiz, özbaşına tikməyiblər. Yəqin ki, onlar bələdiyyədən və ya icradan icazə alıblar. Elə-belə tikməyə kim qoyar ki? Hesab edirəm ki, vətəndaşa icazə verənlər araşdırılıb tapılmalı və onlar cəzalandırılmalıdır. Vətəndaş nə bilir ki, o torpaq yararlıdır, yoxsa yararsızdır?! Hesab edirəm ki, vətəndaşları cərimələyən qurum düzgün hərəkət etmir. Səhv onda edirlər ki, vətəndaşı cərimələyirlər. Vətəndaşın doğurdan da, sənədi olub-olmadığını öyrənmək lazımdır. Ya bələdiyyə, ya icra veribsə, onlar cəzalandırılmalıdır., yoxdursa, onda vətəndaş məsuliyyət daşıyır”.
Aynurə Pənahqızı Demokrat.az


