Kriminal Özəl

Prokuror adam oğurluğu edən şəxslərə cəza istədi

Prokuror adam oğurluğu edən şəxslərə cəza istədi

Bakıda adam oğurluğunda təqsirləndirilən Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslər - Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramovun hər birinin 13 il, Kamil Qədimovun isə 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses noyabrın 5-də davam edəcək.

İttihama görə, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Mikayıl Mikayılovu oğurlayıblar. Onu Sabunçu rayonunda evdə girov saxlayıblar.

Daha sonra isə onun atası Elçin Mikayılovdan oğlunun azad olunması üçün 30 min dollar tələb ediblər. Amma 30 min manat alaraq Mikayıl Mikayılovun sərbəst buraxıblar.

Həmçinin təqsirləndirilən şəxslər Mikayıl Mikayılov girovluqda olan zaman onun üzərində olan 350 manatı da götürüblər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az