Gündəm Özəl

Müxalifət liderindən yeni qanun layihəsinə dəstək — “Hesab edirəm ki, yeni qanun zərurətdir”

Müxalifət liderindən yeni qanun layihəsinə dəstək — “Hesab edirəm ki, yeni qanun zərurətdir”

Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirdi. Ölkənin demək olar ki, əksər siyasi partiyaları ictimai müzakirələrdə iştirak edirdi. Çox səmərəli və işgüzar formatda keçən müzakirələr əminəm ki, ölkəmizin siyasi partiyalar sisteminə böyük tövhə vermiş olacaq.

Bu gün təşkil edilmiş ictimai müzakirələr hesab edirəm ki, həm də ölkəmizdə başladılmış iqtidar-müxalifət dialoqunun qanunverici hakimiyyətin nümayəndələri ilə növbəti bir mərhələsi idi. Bu həm də yeni yaranmış siyasi konfiqurasiyanın və sağlam münasibətlərin göstəricisidir. Heç şübhəsiz ki, buna görə Prezident Administratsiyasının Siyasi Partiya və Qanunvericilik hakimiyyətilə iş şöbəsinə və Milli Məclis rəhbərliyinə xüsusi təşəkkür düşür.

Yeni qanun layihəsinin hazırlanmasına rəhbərlik etdiyim partiyanın da təklifləri olmuşdur. Bu təklifləri Milli Məclis rəhbərliyinə ünvanlamışdıq. Milli Məclisə Gələcək Azərbaycan Partiyası adından etdiyimiz təkliflərin demək olar ki, əksəriyyəti yeni qanun layihəsində öz əksini tapıb. Bir tək siyasi partiya sədrlərinə diplomatik pasport və toxunulmazlıq verilməsi məsələsindən başqa. Əminəm ki, irəliləyən zamanlarda bu məsələyə də hüquqi qiymət veriləcək.

Məclisdə keçirilən müzakirələrdə fikirlərimi bölüşdüm. Bir daha şəffaf olması üçün ictimaiət üçün də bölüşməyi özümə borc bildim:

Müzakirəyə çıxarılmış qanun layihəsini bir çox həmkarım narahatçılıqla qarşılayır. Açığı anlamıram niyə? Xüsusi narahatlıq da yeni qanunda qoyulmuş 10.000 üzvülüklə bağlıdır. İqtidar olmağı, hakimiyyətə gəlməyi önünə məqsəd qoymuş hər hansısa siyasi partiya cəmiyyətin 10.000 nümayəndəsini öz ətrafında birləşdirə bilmirsə daha nə siyasi partiyadır?

Heç kimə sirr deyil ki, Prezidentliyə namizəd olmaq üçün 45.000 imza, 125 dairə üzrə deputatlığa namizədlər vermək üçün isə 56250 imza tələb olunur. Bu gün siyasi iddia ilə çıxış edib də, 10.000 insanı ətrafında birləşdirə bilməyən siyasi partiya sabah yuxarıda tələb olunan imzaları bəs necə toplayacaq?

Təbii ki, qoyulmuş suallar ritorikdir. Güclü Azərbaycana gedən yol həm də güclü siyasi sistem və güclü siyasi partiyalar tələb edir. Məhz güclü və qüdrətli Azərbaycan naminə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müdafiə edirik. Hesab edirik ki, qanunlarımız möhkəm olsa (sərt yox, məhz möhkəm!) hədəflərimizə daha tez çatmış olaraq.

Yaşasın güclü və qüdrətli Azərbaycan!

Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının sədri

D
demokrat.az