Maraqlı

"Mövlud Çavuşoğlu 27 ildir Zəngilansız haralarda, necə yaşadığımla maraqlandı" — VİDEO

Mövlud Çavuşoğlu 27 ildir Zəngilansız haralarda, necə yaşadığımla maraqlandı — VİDEO

“İlk olaraq ötən ilin 26 oktyabr tarixindən danışmaqla başlamaq istəyirəm. Ötən il Zəngilanda təməli qoyulan “Dost Aqropark” şirkətinin rəhbərliyi tərəfindən dəvət aldım. Mənim Zəngilanın işğaldan azad olunma xəbərini, xəbər studiyasından böyük sevinc və həyəcanla çatdırmağım Türkiyə mediyasında o dövrdə böyük səs-səda salmışdı, Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğan “AK” parti konfranslarından birində məndən bəhs etmişdi deyə bu, şirkət rəhbərliyinin yadında qalıb. Məhz buna görə Zəngilanda “Dost Aqropark” ın təməlqoyma mərasimində də məni tədbirlərinin aparıcısı olaraq görmək istəyiblər. Bu diqqətə görə bir daha təşəkkürümü bildirirəm” Demokrat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ARB 24 kanalının aparıcısı Günel Mönsümova deyib. O daha sonra liderlərlə ötən ilki görüşünün təəsüratlarını bölüşüb. “Sözsüz ki, bu dəvəti böyük sevinc, həyəcanla qarşıladım. Həm Azərbaycan və Türkiyə Dövlətlərinin Prezidentləri qarşısında çıxış edib, onların iştirakı ilə tədbir aparmağın həyəcan və qürurunu, həm də Zəngilanıma ayaq basmağın sevincini yaşayırdım. Dəvət bir neçə gün əvvəl gəlsə də, adımın təsdiqlənməsi bir az zaman aldı. Oktyabr ayının 25-də gecə saatlarında xəbər gəldi ki, adınız təsdiqlənib, Zəngilana gəlin. Gecə saatlarında atamla yola çıxdıq, doğma Zəngilanımıza yol aldıq. Mən Zəngilana çatanda dedilər ki, yarım saata tədbir başlayacaq. Tez-tələsik hazırlığımı gördüm, çıxış edəcəyim mətni hazırladım. Tədbir başlamamışdan öncə Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu səhnəyə gələrək mənimlə həmsöhbət oldu. 27 ildir Zəngilansız haralarda, necə yaşadığımla maraqlandı, böyük maraqla məni dinlədi, suallar verdi. 17 ildir televiziyada işləməyimə, bu illlər ərzində hər zaman kamera qarşısında olmağıma, hər gün xəbər proqramında siyasi xəbərlər çatdırmağımın yaşatdığı məsuliyyət hissinə baxmayaraq, ilk dəfə idi, iki böyük lider qarşsında çıxış edirdim. Həyəcanım nə etsəm də hiss olunurdu. Bunu videonu izləyəndə də bilmək olur (gülür). Tədbirin sonunda cənab prezidentlər səhnəyə təşrif buyurdu, çıxış etdilər. Zəngilan torpağına ilk toxumu səpdilər. Sonda səhnənin orta hissəsindən düşüb getməli idilər. Lakin cənab Prezident İlham Əliyev mənə yaxınlaşaraq salamlaşdı, zəngilanlı olduğumu soruşdu və Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğana təqdim etdi. 27 il əvvəl Zəngilan rayonundan məcburi-köçkün düşdüyümü, Zəngilanda ilk “ağıllı kənd” olan Ağalı kənd sakini olduğumu cənab prezidentlərin diqqətinə çatdırdım. Tezliklə bu torpaqlarda gözəl evlər tikiləcəyini dedilər. Sonda İlham Əliyev cənabları xatirə şəkli çəkdirək dedi. Və həyatımın ən gözəl xatirə fotosu o andan mənə yadigar qaldı” deyə aparıcı bildirib. Günel Mönsümova bildirib ki, prezidentlərlə bu ilki görüş xəbərini də ötən ildə olduğu kimi həyəcanla qarşılayıb. “Bu il də 20 oktyabr tarixində Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümündə yenidən, ikinci dəfə “Dost Aqropark” şirkətinin rəhbərliyi tərəfindən tədbirin açılış mərasimini aparmaq üçün dəvət aldım. Bu dəvəti eyni ilə ötən ilki kimi, böyük sevinc, həyəcan hissi ilə qarşıladım. Cənab prezidentlərlə görüşüb, onların iştirak etdiyi tədbiri aparmağın qürur hissini təkrar yaşadım. Ötən ilkindən fərqli olaraq bu il Zəngilanıma ayaq basanda boş, quru, viran qalmış torpaq yox, yoxdan var olan böyük bir ərazi, səliqə ilə tikilmiş evlər, kənd sakinləri, otlaq sahələri, fermalar, mal-qara örüşü gördüm. Bir sözlə 27 ildən sonra Zəngilanıma yenidən can verilmişdi. Tədbirdə Türkiyə və Azərbaycan Respublikalarının prezidentləri, siyasi xadimlər iştirak edirdi. Cənab Prezidentlər vətən savaşımızdan alnı açıq, qalib xalq kimi çıxmağımızla bağlı səsləndiriyim hər sözümü məğrur ifadə ilə qarşılayırdılar. Sonda səhnəyə təşrif buyuran cənab prezidentlərimiz çıxışlarından sonra əl uzadaraq mənimlə görüşdülər. Cənab Prezident İlham Əliyev “keçən ilki zəngilanlı aparıcımızdır” deyə cənab R.T.Ərdoğana bu dəfə də məni təqdim etdi. R.T.Ərdoğan cənabları “Ağalıya köçə bildin mi?” deyə soruşdu, mən də öz növbəmdə “inşallah köçərik cənab prezident” deyə cavabladım. Sonda xatirə şəkli çədirərək sağollaşdıq. İndi o günün hər anını xatırlayaraq Allahıma sonsuz şükürlər edirəm. Hər kəsə, hər xəbər aparıcısına iki böyük liderin iştirakı ilə tədbir aparmaq qismət olmur. Özü də iki dəfə. İki böyük liderin telefon danışığında adından bəhs edilib haqqında xoş sözlərin danışılması, onlarla əl sıxıb görüşüb, özün haqqında məlumat vermək hər aparıcıya qismət olmur. Həyatımın sonunadək o günlərin hər anını yaddaşıma həkk edərək böyük qürur hissi ilə xatırlayacağam” Günel Mönsümova deyib.

D
demokrat.az