Media Özəl

“Elə imkan yaradılsın ki, bütün əməkdaşlarla əmək müqaviləsi bağlaya bilək” — Baş redaktor

“Elə imkan yaradılsın ki, bütün əməkdaşlarla əmək müqaviləsi bağlaya bilək” — Baş redaktor

“Media reyestrinin fəaliyyətə başlaması bu sahənin inkişafı üçün olduqca əhəmiyyətlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev deyib. Baş redaktor qeyd edib ki, ən önəmli tərəfi odur ki, reyestr media-dövlət münasibətlərini tənzimləyəcək, bu sahədə mövcud xaosu aradan qaldıracaq.

“Dövlət strukturları və digər yönümlü təşkilatlar, qurumlar qarşısında məsuliyyət yaradacaq. Ola bilər ki, ilk olaraq bununla bağlı tənqidi yanaşmalar çoxluq təşkil edə bilər. Bu isə reyestr xidmətinin yaradılması məqsədlərinin düzgün anlaşılmamasından irəli gələ bilər. Hesab edirəm ki, reyestr xidməti onlayn medianın nüfuzunu artıracaq, cəmiyyətdəki mövcudluğuna ciddi forma və məzmun gətirəcək.

Gəlin unutmayaq ki, media reyestrinin yaradılması ölkədə həyata keçirilən media islahatları hərəkatının bir hissəsidir. Bu, o deməkdir ki, dövlət media sahəsində ciddi dəyişiklərə təkan vermək istəyir. Ortada bir siyasi iradə var. Doğrudur, mən media haqqında qanunda bəzi müddəaları təqdir etmirəm. Amma bütövlükdə media reyestrinin tətbiqini media tarixində çox mühüm hadisə hesab edirəm. Media orqanlarının rəhbərləri, jurnalistlər belə bir sistemin yaradılmasının faydalarını daha sonra biləcək. Mən artıq reyestrin tətbiqi ilə bir sıra problemlərin avtomatik həll ediləcəyini düşünürəm. Məsələn, jurnalistika sahəsində dələduzlara yer olmayacaq. Eləcə də təsadüfi onlayn “subyektlər”inin fəaliyyəti tam məhdudlaşdırılacaq. Media subyektində çalışan əməkdaşların qeydiyyata alınması və digər hüquqi məsələlər rəsmiləşdiriləcək”.

“Doğrudur, jurnalistlərin reyestri ilə bağlı bir sıra suallar yaranıb. Çünki redaksiya bütün əməkdaşları rəsmi şəkildə işə götürmək gücündə deyil. Gözləyirik ki, dövlət medianın inkişafı məqsədilə bir sıra əhəmiyyətli qərarlar qəbul edəcək. Ən əsası vergi ilə bağlı. Arzu edirəm ki, elə bir imkan yaradılsın ki, bütün əməkdaşlarla əmək müqaviləsi bağlaya bilək. Yalnız mülki müqavilə ilə iş bitməsin. Ən əsası odur ki, ortada olan niyyət xoşdur. Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi böyükmiqyaslı işlər göz qabağındadır. İnanıram ki, Mətbuat Şurası və Medianın İnkişafı Agentliyinin birgə əməkdaşlığı sayəsində media hərəkatı daha effektli şəkildə davam edəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az