Azərbaycanın 20 faiz torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan bu müddət ərzndə həmin ərazilərdə misli görünməmiş vəhşilik, qəddarlıq törədiblər. Faşizm xislətli ölkə etnik təmizləmə siyasəti ilə yanaşı, azərbaycanlıların mədəni-tarixi irsini yox etməyə, izini itirməyə, bəzi hallarda isə özününküləşdirməyə cəhd ediblər. İşğal dövründə Qarabağ və ətraf rayonlarda 700-dən artıq tarixi abidə, 26 muzey, 4 qalereya, 14 memorial kompleks, 1107 mədəniyyət ocağı və s. düşmən tərəfindən viran qoyulub, 62 məscid məhv edilib. Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xocavənd, Xocalı və s. azərbaycanlılara məxsus qəbirlər dağıdılıb, mundarlanıb, təhqir olunub.
Bütün dinlərdə, qəbirstanlıq, insanların dəfn olunduğu ərazilər toxunulmaz hesab olunur, ancaq erməni vandallarını heç zaman bu kimi dini-mənəvi dəyərlər də dayandırmayıb. Ötən 30 ildə azərbaycanlılara məxsus müsəlman qəbirstanlıqları məhv edilib, təhqir olunub, baş daşları dağıdılıb, bəzi hallarda isə onlardan tikinti materialları kimi istifadə olunub. Bu, dünyada heç bir xalqa, millətə xas olmayan vəhşilikdir. Ancaq ermənilər bu vəhşilikləri dünya birliyinin gözü qarşısında törədiblər.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində bu il oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlandı. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduqları ehtimal edilirdi. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb. Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki, Ermənistan törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmışdır.
Bugünlərdə sosial şəbəkələrdə daha bir erməni vəhşiliyini əks etdirən görüntülərin şahidi olduq. Həmin görüntülərdə ermənilər yük maşını ilə azərbaycanlılara aid məzar daşlarını dağıdırlar. Bu vandalizmin Basarkeçər ərazisində azərbaycanlı qəbirstanlığı olduğu bildirilir. Hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Əlbəttə ki, məzarlığın dağıdılması tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. Ermənilər bunu ölkə ərazisindəki Azərbaycan mədəni irsinə qarşı da törədiblər. Bu barədə beynəlxalq təşkilatlara dəfələrlə məlumat verilsə də, heç bir tədbir görülməyib. Hətta bu vandalizm aktlarının UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması məsələsi də təklif olunub. Təəssüf ki, UNESCO-nun susqunluğundan istifadə edən erməni tərəfi Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam ediblər.
Bütün bunlar Ermənistanın 1949-cu il Cenevrə konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi son faktların üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.
Çingiz QƏNİZADƏ Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru


