“Bilirik ki, İran Azərbaycanın Ermənistan üzərində qələbəsindən məmnun deyil. Məlum 44 günlük savaş ərəfəsində və ondan sonra İranın Azərbaycana qarşı ittihamları, təzyiqləri hamıya məlumdur”. Bu fikirləri siyasi şərhçi Tural İrfan deyib. Analitik əlavə edib ki, Zəngəzur dəhlizi məsələsində ermənilərdən əvvəl bu məsələnin həllinə qarşı çıxış edən də İran oldu.
“ "Ermənistanın sərhədlərinin qorunması bizim qırmızı xəttimizdir" kimi bəyanatlar verdilər. Onları üç məsələ narahat edir: Azərbaycanın qələbələri və güclənməsi Güney Azərbaycan türklərini ruhlandırır və azadlıq eşqini gücləndirir. İkincisi, Azərbaycanın İsraillə dostluğudur. Üçüncüsü isə Zəngəzur xəttinin (istər dəhliz, istərsə də digər mümkün formada kommunikasiya xəttləri) açılması Türk dünyasının əlaqələrinin, birliyinin inkişafıdır ki, İran bunu özünə təhlükə kimi görür. Ancaq əslində bu belə deyil. İran illərdir Ermənistanla dostluq edir. Azərbaycanın İsraillə dostluğu müstəqilliyimizin ilk illərindəndir və bu əlaqələr nəinki İrana, heç bir ölkəyə qarşı yönəlməyib. Türk dünyasının əlaqələrinin inkişafının da İrana ancaq xeyri ola bilər. Yəni, İranın narahatlığı əsassızdır”.
“Sərhəddə təlimlər keçməsini də xarici mətbuat Azərbaycanın Türkiyə və Pakistanla birgə təlim keçməsinə qarşılıq olaraq edildiyini yazır. Ancaq mən düşünürəm ki, bu daha çox İranın daxilindəki son hadisələrlə bağlıdır. Həmişə kənardan düşmən axtarmaq və diqqəti başqa istiqamətə yönəltmək onların siyasi xəttidir. Daxili iğtişaşlar və narazılıq dalğası artdıqca diqqəti təlimlərə yönəldib vəziyyəti bir qədər dəyişməyə cəhd edirlər. Yəni, hazırda Azərbaycan Qarabağ məsələsinin həllini yekunlaşdırmaq üzrədir və maneələrə baxmayaraq yerdə qalan bütün detallar da müsbət inkişafla irəliləyir. Bu, şübhəsiz ki, bir çoxlarında qısqanclıq və narahatlıq yaradır və Azərbaycanın problemləri sürətlə həll etməsini həzm edə bilmirlər. Odur ki, bunu gah İsrailin Azərbaycanda olması ilə, gah da 44 günlük savaş zamanı guya hansısa terrorçuların ərazidə olması kimi əsassız və gülünc bəhanələrlə izah etməyə cəhd edirlər. Ancaq yenə təkrar edirəm ki, bu təlimlər əslində İranın öz daxili problemlərindən dünyanın diqqətini yayındırmaq üçün təşkil edilib”.
Aynurə Demokrat.az


