Bu gündən istifadəyə verilən “ASAN xidmət” mobil tətbiqi vətəndaşların işini daha da asanlaşdırmağa hesablanıb.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu tətbiqi “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyən vətəndaş özünə şəxsi kabinet yaradaraq yararlanmaq istədiyi xidmətə uyğun olaraq “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərindən birini seçib, zəruri sənədlərlə tanış olacaq və növbə götürəcək.
"Bu zaman vətəndaşa öncə müvafiq xidmət üzrə növbənin ən az olduğu mərkəzlər təqdim edilir. Son qərar isə vətəndaşındır. Ya növbənin daha az olduğu mərkəzi seçir, ya da ona ən yaxın olan mərkəzi. Beləliklə vətəndaş “ASAN xidmət”in imkanlarından sistemin təqdim etdiyi vaxtda yararlana bilir. Növbəsiz, vaxt itkisi olmadan", - deyə bildirilib.
Qeyd edək ki, mayın 6-da “ASAN xidmət” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Demokrat.Az


