Dubay şeyxinin keçmiş azərbaycanlı həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər.
İddia olunur ki, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.
Şeyxin vəkilləri isə Zeynəb Cavadlının yararsız ana olduğunu iddia edirlər. Onun özü bu ittihamları rədd edib.
BBC-nin Azərbaycan xidmətinə iastinadən xəbər verir ki, bu, Dubayda hakim ailə daxilində ixtilafları üzə çıxaran son hadisədir.
Xanım Cavadlı BBC-nin əldə etdiyi eksklüziv videoda "lütfən mənə kömək edin" deyir.
"Uşaqlarımla mənim həyatımız və təhlükəsizliyimiz üçün vahimə içindəyik, qorxuruq".
"Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə ilişib qalmışıq, uşaqlarım həbs oluna biləcəyimdən və əlimdən alınacaqları qorxusuyla oranı tərk edə bilmirlər".
Azərbaycandan olan 31 yaşlı keçmiş beynəlxalq gimnast 2019-cu ildə şeyx Səiddən boşandıqdan sonra yaşadığı Dubayda qalıb. O, ölkəni tərk edəcəyi təqdirdə uşaqlarını bir daha görə bilməyəcəyindən qorxur və üç azyaşlı qızı ilə Dubayda qalır.
Təxminən üç ilə yaxındır ki, o, keçmiş həyat yoldaşı ilə qəyyumluq uğrunda mübarizə aparır.
Xanım Cavadlı Dubayın hökmdarı şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı oğlu olan şeyx Səidlə 2015-ci ildə ailə qurub.
Müdaxilə ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciətində xanım Cavadlının britaniyalı vəkilləri onun həm hərəkət, həm də ifadə azadlığının məhdudlaşdırıldığını, ona qarşı hədə-qorxu taktikasının tətbiq edildiyini iddia edirlər.
Müraciətdə iddia olunur ki, iki il əvvəl yerli polis onların evinə zorla daxil olarkən hücuma məruz qalıblar. Zeynəb Cavadlı həmin anları canlı yayımlayaraq dünyanın diqqətini özünə çəkmişdi. Bu hadisədən sonra onun valideynləri Azərbaycana qayıdıblar. / 32gun.az


