“Bu gün Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat qeyd edib ki, bu gün nə Ermənistanın, nə də rəsmi İrəvanın sülhdən başqa yolu qalmayıb:
“Bu ötən iki il ərzində revanşist qüvvələr çalışdılar ki, nəyəsə nail olsunlar. Amma gördülər ki, hamısı boş-boşunadır. Beynəlxalq təşkilatlar da, hətta ermənipərəst dövlətlər belə, Möhtərəm Prezidentimizin irəli sürdüyü təklifləri dəstəkləyirlər. Azərbaycan 30 il ərzində hər zaman Qarabağ konfliktinin, Ermənistanın işğalçılıq siyasətinin sülh danışıqlar yolu ilə həll olunmasına çalışıb. Dünyada nə qədər beynəlxalq təşkilatlar varsa, onların hamısı Ermənistanın təcavüzkar kimi tanıyıb. 44 günlük müharibəyə qədər də prezidentimiz hər zaman bu konfliktin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması yolunu tutub. Möhtərəm Prezidentimizin sözüylə deyə bilərik ki, bizim də səbrimizin müəyyən hüdudu vardır. Beynəlxalq təşkilatlar ötən müddət ərzində ermənipərəst mövqe göstərdilər. ATƏT Minsk qrupu həmsədrləri tamamilə ermənipərəst mövqe tutdu, hər zaman çalışdılar ki, işğalçı ilə işğala məruz qalanı eyniləşdirsinlər. Müharibə vaxtı siz şahid oldunuz ki, nə qədər ağır istehkamlar, tunellər tikmişdilər. Bütün müstəvilərdə revanşist qüvvələr Azərbaycana qarşı yeni təxribat xarakterli hücumlara keçdilər. O qədər azğınlaşdılar ki, bizim mədəniyyət mərkəzlərində və səfirliklərdə terror törətməyə çalışdılar. Lakin Ermənistan dövləti artıq anlamılıdır ki, bütün bunlar yalnız hər gün onların ziyanınadır. Bu gün bizim ölkədə quruculuq işləri gedir. Ermənistanda isə durğunluqdur. Ümumiyyətlə, Praqa görüşləri Paşinyana bir dərs olacaq. Paşinyan hər halda ölkə içərisində və diaspora ilə bu istiqamətdə mübarizə aparacaq. İnanıram ki, tezliklə sülh sazişinin imzalanmasına gediləcək”.
Aynurə Demokrat.az


