Gündəm Özəl

“İranda hicab taxmaq 40-50 il bundan öncəki nəslin qəbul etdiyi qərar idi” — Cavanşir Paşazadə

“İranda hicab taxmaq 40-50 il bundan öncəki nəslin qəbul etdiyi qərar idi” — Cavanşir Paşazadə

“İranda baş verən son hadisələr daxildə olan insanların dövlətdən narazılığında irəli gəlir. Tarix boyu dövlət siyasətindən narazı olanda həmin ölkələrdə iğtişaşlar baş verib və insanlar kütləvi şəkildə küçəyə tökülüblər. Bilirsiniz ki, bir həftəyə yaxındır ki, İranı iğtişaşlar bürüyüb. Görünür ki, daxildə olan siyasət düzgün qurulmayıb və xalqla dövlət arasında uçurumlar var. Xalq dövlətdən narazıdır və öz fikirlərini də bu formada bildirirlər. Bu fikirləri bildirən demokratik ölkələrdə hardasa dövlət müəyyən qədər xalqın səsini eşitməyə çalışır. Görünür hələ ki, İranda bu baş vermir. Təbii ki, bu İranın daxili işidir və onların daxili işlərinə qarışmağa nə fikrimiz var, nə də ki, qarışırıq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat vurğulayıb ki, İranda xalq müəyyən məsələlərdən azad olmaq üçün bu addımı atıb:

“Təbii ki, biz mətbuatdan və başqa dövlətlərin televiziyalarından gördüklərimizə əsasən deyə bilərik ki, doğurdan da, İranda artıq bu iğtişaşlar nəticəsində bir neçə nəfər öldürülüb və onlarla yaralılar var. Bilirik ki, bir neçə gün öncə İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali bu cür etiraz yürüşləri keçirməyə başladı”..

C.Paşazadə daha sonra bunları əlavə edib:

“1979-cu ildə İranda çevriliş olandan sonra Xomeyni dövlət rəhbərliyinə gəldi və ondan sonra İran islam ölkəsi qanunu ilə aparılan bir dövlət kimi siyasətini irəli sürür. Təbii ki, bu 40-50 il bundan öncəki nəslin qəbul etdiyi qərar idi. Müəyyən qədər başqa ölkələrdən fərqli olaraq hicab taxmaq, açıq şəkildə insanlara görünməmək və s. kimi tələblərin irəli sürülməsi onun konstitusiyasında olan bir məsələdir. İkinci məsələ də odur ki, təbii ki, dövr dəyişilir, o cümlədən də insanların düşüncəsi dəyişir. Burada yaşayan insanlar aparıcı ölkələrə, dünya ölkələrinə üz tuturlar, Avropa ölkələrində təhsil alırlar. Orada bir müddət yaşayandan sonra və oradakı insanları görəndən sonra öz ölkələrinə gəlmək istəmirlər. Qayıtmamaqlarının da məqsədi təbii ki, buradakı bu qanunları qəbul etməməkdən irəli gəlir və o dövlətdə də bu cür yaşamaq istəmirlər. Həmin gənclər də xarici ölkələrdə gördükləri kimi, təbii ki, azad formada yaşamaq istəyirlər. Bu məsələlərdə azad olmaq istəyirlər. Məsələn bizdə, Türkiyədə kim istəyirsə, çarşab geyinir, kim istəyir yaylıqsızdır. Yəni, kim hansı formada istəyirsə, geyinir və bu məsələlərdə azaddır. Hətta, bizdə də çarşaba bürünənlər var. Əgər insan məcburi başının bağlayıb o dövlətdə gəzirsə, sonra o sərhəddi keçib başını açırsa, ya da ki, İranda bağlı şəkildə gəzir və təyyarəyə minən kimi başını açıb azad gəzmək istəyirsə, demək bunun daxilində bu yoxdur və bunu istəmir. Bunu da məcbur edəndə axırda gəlib bu kimi məsələlər ortaya çıxarır. Təbii ki, biz heç birimiz istəmirik ki, qonşu ölkələrdə iğtişaş olsun, insan qırğınlarını istəmirik. Bu məsələdə İranın daxili işi olduğu üçün qarışmağa heç bir ixtiyarımız yoxdur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az