“Ermənistan baş naziri Nikol Paşinyanın “sülh sazişinə imza ataram” açıqlamasından dərhal sonra revanşist-radikallar vəziyyəti qarışdırdılar, parlamentin ətrafında gərginlik yaratdılar. Nəticədə elə bir situasiya yarandı ki, baş nazir N.Paşinyan Ermənistanın taleyi deyil, məhz özünün başına gələ biləcəklər barədə düşünmək məcburiyyətində qaldı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik daha sonra bunları əlavə edib:
“İndi belə anlaşılır ki, erməni toplumunun panik durumda olmasından istifadə edən revanşist-radikal siyasi dairələr Ermənistan ordusunun savaş meydanında növbəti dəfə darmadağın edilməsini öz maraqlarını reallaşdırmaq üçün bir fürsətə çevirməyə çalışırlar. Əslində, onların bununla bağlı təcrübəsi də olmamış deyil. Çünki, revanşist-radikallar 44 günlük savaşdakı məğlubiyyətdən sonra da Paşinyan hakimiyyətini devirməyə cəhd etmişdilər. Ancaq o vaxt baş nazir Nikol Paşinyan müxtəlif siyasi manevrlərlə öz hakimiyyətini qorumağa buna nail olmuşdu.Ancaq indi Paşinyan hakimiyyətinin vəziyyəti daha acınacaqlıdır. Çünki, vaxtilə erməni baş nazir öz hakimiyyətini qorumaq üçün müəyyən müddət Rusiyaya sığınaraq, Kremlin dəstəyini də almağa nail olmuşdu. Bu dəfə isə situasiya əvvəlkindən qat-qat qəlizdir. Və bunda Rusiya-Ermənistan münaibətlərinin indiki durumunun da birbaşa təsiri mövcuddur”. “Məsələ ondadır ki, son vaxtlar Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri ciddi şəkildə gərginləşdirən addımlar atıb. Hətta münasibətlər o qədər korlanıb ki, indi Kreml də Paşinyan hakimiyyətinin devrilməsində maraqlı görünür. Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşıb, yaxınlaşmağa çalışdığı ABŞ və Qərbin isə Ermənistanda strukturlaşmış siyasi müdaxilə mexanizmləri demək olar ki, yoxdur. Rusiya isə revanşist-radikallar da daxil olmaqla, Ermənistandakı əksər siyasi qüvvələrə nəzarət və təsir edə bilir. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin devrilə biləcəyi qətiyyən istisna deyil. Ancaq bir önəmli məqam da var ki, baş nazir Nikol Paşinyan kifayət qədər hiyləgər siyasətçidir. Yəni, o, yenə də mövcud vəziyyətdən hansısa siyasi manevrlər ilə çıxa bilər”, - deyə politoloq əlavə edib.
Analitikin sözlərinə görə, baş nazir N.Paşinyanın öz hakimiyyətini qoruya bilməsi müəyyən mənada, Azərbaycanın maraqlarına cavab verir: “Çünki, erməni baş nazir ölkədaxili təzyiqləri aşa biləcəyi təqdirdə, Azərbaycanın diqtə etdiyi şərtlərlə sülh sazişinin imzalanmasına hazır görünür. Baş nazir N.Paşinyan proqmatik siyasətçidir və anlayır ki, Ermənistan dövlətçiliyini yalnız Azərbaycan ilə anlaşmaqla, sülh sazişini imzalamaqla, xilas etmək mümkün ola bilər. Əks halda, güclü Azərbaycanla hərbi-siyasi qarşıdurma zəif Ermənistanın geopolitik xəritədən silinməsi ilə nəticələnə bilər. Digər tərəfdən, rəsmi Bakı indiyə qədər Paşinyan hakimiyyəti ilə sülh danışıqları aparıb. Bir çox məqamlar üzrə anlaşma ehtimalları da yaranıb. Və bu prosesin davam etməsi üçün baş nazir Nikol Paşinyanın hakimiyyətini qoruya bilməsi daha sərfəli variant kimi görünür.
Çünki Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə, onu böyük ehtimalla Köçəryan-Sarkisyan cütlüyünün idarə etdiyi radikal-revanşist siyasi düşərgə əvəzləyə bilər. Bu düşərgə isə daha çox populizm və uydurma “erməni iddiaları” üzərində fokslaşıb. Yəni, Ermənistanda revanşist-radikallar hakimiyyətə gələrsə, az qala hər şeyi yenidən başlamağa ehtiyac yarana bilər”.
“Məsələ ondadır ki, ilk növbədə Köçəryan-Sarkisyan cütlüyünün revanşist-radikallarına reallığı birbaşa anlatmaq üçün Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək. Məhz "dəmir yumruq" təlimindən sonra erməni revanşist-radikallar da Paşinyan hakimiyyətinin indi daha meyilli olduğu “sülh mövqeyi”nə qayıtmalı olacaqlar. Və əvvəl-axır məcbur qalıb, Azərbaycanın diqtə etdiyi şərtlər üzərindən sülh sazişini imzalayacaqlar. Təbii ki, yekun nəticə baxımından, Ermənistanda hakimiyyətdə hansı qüvvənin olması Azərbaycan üçün elə bir prinsipial əhəmiyyət daşımır”.
“Ancaq sadəcə, zaman itkisinin qarşısının alınması baxımından, baş nazir Nikol Paşinyanın öz hakimiyyətini qoruya bilməsi daha çox sərfəli ola bilər. Hər halda, rəsmi Bakı erməni revanşistlərə “dəmir yumruq” təlimi keçməyə sərf etdiyi vaxtdan Azərbaycanın inkişafı üçün istifadə edə bilərdi. Hələliksə, baş nazir N.Paşinyan hakimiyyətini itirmək və ya ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmək təhlükəsi qarşısında revanşistlərin təsiri altına düşməyə başlayıb. Bu baxımdan, Paşinyan hakimiyyətinin radikal düşərgənin öhdəsindən nə vaxt və necə gələ biləcəyi olduqca böyük önəm daşıyır”, - deyə sonda E.Xalidbəyli fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


