Bakının Nəsimi rayonmunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə bu ilin aprelin 6-da baş verib.
Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Tərlan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


