“Azərbaycan tərəfi Ermənistanın bu kimi davranışlarını ilk dəfə deyil müşahidə edir. Biz davamlı olaraq belə hallarla rastlaşırıq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər baş verən erməni təxribatlarına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, son dəfə Brüsseldə cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan görüşdə sülh müqaviləsinin bağlanması ilə bağlı müəyyən razılıq əldə olundu:
“Amma, proseslər onu göstərdi ki, Ermənistan təxribatları davam etmək niyyətindədir. Burada bir neçə amil özünü açıq büruzə vermir. Sual yaranır ki, niyə belədir? Birincisi, Paşinyan öz ordusuna nəzarət edə bilmir, nəzarət edə bilmədiyinə görə də, orduda bəzi qüvvələr bu təxribatları törədirlər. İkincisi, xarici amillərin burada rolu istisna olunmur. Görünür, hansısa qüvvələr prosesi pozo=maq və prosesə təsir etmək niyyətindədir. Üçüncü ehtimal isə o, ola bilər ki, Ermənistan o addımları atmaqla yekun sülh müqaviləsinin imzalanmasında, danışıqlar prosesində hansısa öncədən şərt irəli sürərək məqsədinə nail olmaq istəyir. Bütün hallarda Ermənistanın bu addımları ilk öncə özünə ciddi problemlər yaradır”.
Millət vəkilinin sözlərinə görə, hər bir atəş pozuntusunun qarşısı çox ciddi şəkildə alınır:
“Biz dəfələrlə bu məsələni qeyd etmişik. Ermənistan nəticə çıxartmalıdır. 44 günlük müharibə onu göstərdi ki, Ermənistan yanlış yoldadır və Ermənistan çalışmalıdır ki, yekun razılaşma barəsində düşünsün. Hər bir atəş pozuntusunun qarşısı qətiyyətlə alınacaq və Ermənistan heç nəyə nail ola bilməyəcək. Azərbaycan Prezidentinin mövqeyi konkretdir, qətidir. Biz əminik ki, yekun sülh müqaviləsi imzalanacaq. Azərbaycan bütün məqsədlərinə nail olacaq. Yaxşı olar ki, Ermənistan vaxt uzatmadan yekun sülh müqaviləsi üzərində ciddi işləsin və bu cür təxribatlara son qoysun. “Qisas” əməliyyatı da onu göstərdi ki, Ermənistanın bütün addımları, cəhdləri prespektivsizdir. Ermənistan bunu bilməli və öz siyasi fəaliyyətində də mütləq nəzərə almalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


