Ətrafımızda baş verən hər bir yenilik həyatımıza bu və ya digər şəkildə təsir edir. Texnologiya hazırda bu təsirlərin içində xüsusi yer tutur. Texnologiya daim özünü yeniləyir və inkişaf edir. Əlbəttə ki, texnologiyanın inkişafı, internetin yaranması yazılı mətbuata da öz təsirlərini göstərdi. İnternet günümüzün demək olar ki, ayrılmaz hissəsinə çevrilib. Hər an internet vasitəsilə müxtəlif məlumatlar alır və ötürürük. Artıq bir çox insan baş verən hadisələri, xəbərləri qəzetdən yox, saytlardan və sosial şəbəkələrdən oxuyur. İnternetsiz həyatı artıq təsəvvür etmək belə mümkün deyil. İnformasiya və kommunikasiya texnologiyalarının böyük sürətlə inkişafı onlayn medianın əhatə dairəsinin zaman keçdikcə daha da genişlənməsinə səbəb oldu. Yeni medianın təşəkkül tapması ilə paralel olaraq yeni oxucu kütləsinin formalaşması yazılı mətbuatın fəaliyyətinə təsirsiz ötüşmədi.

Bəs, yazılı mətbuat, qəzet dedikdə nə başa düşürük? SİAmövzu ilə bağlı araşdırma aparıb.
Qəzet xəbərləri və maraqlı faktları təqdim edən və dərc edən bir nəşr vasitəsi olaraq, ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır. Həsən bəy Zərdabi ilk yeganə qəzetin çapına başlayanda xalqının, millətinin gələcəyini ürək yanğısı ilə düşünərək ümidlə xalqını - millətini ayıltmağa, savadlandırmağa, haqqını-hüququnu bilməyə, qorumağa, cahillikdən, mövhumatdan, fanatizmdən uzaqlaşdırmağa çalışırdı. O vaxtlar qəzetlər vərəqələrdən nisbətən iri həcmə keçərək samballı, xalqının istiqbalı üçün bütün təhlükələrə rəğmən, yoxsulluq, çatışmazlıq, təqiblər demədən çalışırdılar. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin nəşri belə unudulmaz tarixlərdən biridir. Bu il qəzetin yaranmasından 147 il ötür. Neçə illər, əsrlər keçsə də hər zaman Azərbaycan mətbuatından söz açarkən bu qəzet böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq. “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Azərbaycan ictimai-siyasi tarixinə günəş kimi doğdu.
Bəlkə də o zamanlar qəzetin yaradılmasında iştirak edən maarifpərvər ziyalılarımız böyük maddi və mənəvi çətinliklər şəraitində fəaliyyətə başlayan bu nəşrin neçə-neçə məktəblər yaradacağını, böyük bir inqilabi hadisəyə çevriləcəyini təsəvvür etmirdilər. O zaman yalnız bir amal var idi – qabaqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq. Həsən bəy Zərdabinin redaktoru və naşiri olduğu “Əkinçi” qəzeti “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər” kimi şöbələrdən ibarət idi və fəaliyyətə başladığı ilk aylarda az tirajla, kiçik formatda çap olunurdu. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. Onun səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin.
Qəzetin mətbuatda rolu nədən ibarətdir?

Tənqidçi ekspert Aydın Xan Əbilovunsözlərinə görə, 21-ci əsr özü ilə birlikdə yeni texnologiyalar və yeni düşüncələri həyatımıza daxil etdi: "Bu baxımdan ənənəvi, klassik media öz yerini daha innovativ və kreativ mediayaya verməyə məcbur oldu. Artıq insanlar xəbərləri yalnız yazılı formada yox, həmçinin audio, foto və video formatında qəbul etdilər. Bu da insanların elektron nəşrlərin, sosial şəbəkələrə üstünlük verməsinə səbəb oldu. Biz mütaliəyə və oxumağa meylli deyilik. Ona görə də, bizdə foto, video və audio formatlı informasiyalar daha tez insanlara təsir edir. Qəzet indiki dövrdə oxucuların qəbul etdiyi formata uyğunlaşmalıdır. Bu baxımdan qəzetlər öz saytlarını yaratsalar da, öz səhifələrində yayımlanan yazıları həmin sauta verməklə işlərini bitmiş hesab etməməlidirlər. Qəzetlərimiz daha yeni və innovativ olmaqla, sosial şəbəkələrdə öz yenilikləri ilə oxucularını cəlb etməlidirlər. Bəzi qəzetlərimiz var ki, artıq yeniliklır edirlər. Amma bu qəzetlərdə hələ də istənilən yeniliyi görə bilmirik. Hazırda sosial şəbəkə və yeni media ənənəvi KİV-i, qəzetçiliyi artıq öz təsiri altına salıb. Düşünürəm ki, qəzetçilik artıq tarixə qovuşmaqdadır".


Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 147 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur. Bu gün ölkəmizdə 40-dan çox gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər dərc olunur. Azərbaycanda ümumilikdə 95 teleradio yayımçısı və operatoru, 12 ümumrespublika televiziya, 12 regional televiziya, 16 radio və 3 peyk televiziya yayımçısı fəaliyyət göstərir. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəmlər ölkəmizdə azad medianın uğurla inkişaf etdiyini göstərir.
Çap mətbuatının yaşaması vacibdir. Qəzet sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istənilən nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, silinir məhv olub gedir.
Digər ölkələrdə isə vəziyyət bir az fərqlidir. Araşdırmalara görə, yazılı mətbuat Almaniya, Fransa, Rusiya, Britaniya və digər inkişaf etmiş ölkələr hələ də yazılı mətbuata üstünlük verir.
Hazırda dünya sürət əsrinə gəlib çıxıb. Yazılı mətbuat bu sürətlə ayaqlaşa bilmir, onlar bir xəbəri verənə kimi vəziyyət 3 dəfə dəyişir. Bir sözlə desək, yazılı mətbuatın müsbət və mənfi tərəfləri var.
Bu gün elektron medianın demək olar ki, hər cür imkanları var. Amma bunun müsbət və mənfi tərəfləri var.
Müsbət tərəfləri
1.Faktı, hadisəni daha tez çatdırmaq
2.Operativlik
3.Canlı yayım vermək,
4.Məlumatı onlayn göndərmək
Mənfi tərəfləri
1.Hər tip yazı və informasiya vermək
2.Saxta məlumat yaymaq
3.Vulqar sözlərdən istifadə etmək
Bəs, media kapitanları bu barədə nə düşünür?

İnsanlarda uzun müddət vərdişlər yaranıb. Yeni texnologiyalardan istifadə eənlər xüsusilə gənc nəsildir. Bu baxımdan qəzetin kağız formatındakı oxuyucuları mövcuddur. İnternet və rəqəmsal texnologiyalar üzərində qurulan kommunikasiya vasitələri təhlüləsizlik baxımından hələlik tam etimadlı deyil. Düşünüeəm ki, bu sistem tam təkmilləşdikdən sonra zamanın tələbinə uyğun olaraq çap mediası sıradan çıxa bilər. Qəzetlərin fəaliyyətinin uzun müddət tarixi və fəaliyyəti var. Dövr elə dövrdür ki, redaksiya yazısını həm kağız üzərindən, həm internet üzərindən çatdırır. Düşünürəm ki, bu sistem daha da inkişaf edəcək”.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəninfikirlərinə görə, günümüzdə internet media təbii ki, sürətlə inkişaf edir. İnternet medianın informasiya əldə etmək və ötürmək imkanları kifayət qədər çevik və operativdir. Təbii ki, bu çox müsbət haldır. İnsanlar xəbərləri onlayn media vasitəsilə operativ şəkildə əldə edə bilirlər. Amma çap mətbuatı ənənəvi mətbuatdır. Çap mətbuatı həmişə öz aktuallığını qoruyub saxlayır. Çap mətbuatı həmin dövrün tarixini formalaşdırır və yazır. Elektron mediada isə hər hansı bir dövrə məxsus olan yazını çətinliklə tapmaq olur. Amma çap mətbuatı yazılı tarixdir. Çap mətbuatının ən böyük imkanlarından biri odur ki, çap məıtbuatı geniş yazıları verir. Düşünürəm ki, çap medianın da, elektron medianın da öz yerini var. Elektron media informasiya ötürücüsü kimi, hadisələrin operativ şəkildə yayımlanması üçün, çap mətbuatı isə analitik yazıların yazılması, Azərbaycanda baş verən mühüm hadisələri tarixləşdirən bir vasitədir”.


"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənlininsözlərinə görə, qəzet mətbuatın ilkinidir, klassik media qəzetçilik hesab olunur: "Qəzet həm də fundamental mətbuatı təmsil edən KİV-dir, hətta deyərdim ki, qəzet kübarlıqdır, arxivdir. Bu gün internet mediası nə qədər populyar olsa da, ancaq qəzetçilik heç zaman sıradan çıxmayacaq. Təəssüf ki, bu gün qəzetçilik jurnalistikasına etimad internet mediasından daha çoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Yaxın on illərdə Azərbaycanda böyük tirajla çıxan populyar qəzetlərimiz olub. Çalışmalıyıq ki, bu, ənənə bərpa olunsun. Kimsə deyə bilər ki, qəzetin dövrü bitib və s. Amma bu gün qardaş Türkiyədə, Qərbdə qəzetçilik ənənələri hələ də üstünlük təşkil edir. Böyük Britaniyada, ABŞ-da milyonluq tirajla çıxan qəzetlər var. Deməli, qəzetçilik erası heç də deyildiyi kimi sona çatmayıb".
Bu söz azadlığı və demokratik prinsiplərdən bəhrələnən milli mətbuatımız öz fəaliyyətini qlobal dövrün çağırışlarına uyğun olaraq qurur. Eyni zamanda, milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”nin ənənələri də yaşayır və inkişaf edir. Ümid edirik ki, qazanılmış bu nailiyyətlər ölkəmizin gələcək inkişafında dövri mətbuatın rolunun daha da artmasına imkan yaradacaq.


