Gündəm Özəl

Baş redaktor: "Qərb yalnız Azərbaycan dövlətini hədəfə almaq istəyəndə heyvan haqları yadına düşür"

Baş redaktor: Qərb yalnız Azərbaycan dövlətini hədəfə almaq istəyəndə heyvan haqları yadına düşür

"Azərbaycanda itləri güllələyirlər...": Qərb mediasında zaman-zaman bu cür qərəzli manşetlərə rast gəlirik.

Ölkəmizdə heyvan haqlarını müdafiə edən bəzi qruplar da tez-tez oxşar şüarlarla etirazlar keçirir, Qərb təşkilatları isə bu məsələdən "Azərbaycanda insan haqları pozulur" kimi qarayaxma kampaniyası həyata keçirir.

Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində erməni terrorçularının basdırdığı minaların axtarışı zamanı daha bir it tələf olub. Amma bu itin ölümündə günahkar Ermənistandır.

Qubadlıda minalanmış ərazilərimizin təmizlənməsi əməliyyatına cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it insan həyatını xilas edərkən tələf olub. Çünki Ermənistan 30 illik işğalçılığı dövründə ərazilərimizi minalayıb və indiyədək minaların dəqiq xəritələrini hələ də Azərbaycan tərəfindənə təqdim etməyib.

"Dina" da məhz işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi və soyadaşlarımızın ora qayıdışı zamanı ermənilərin növbəti mina terrorunun qurbanına çevrilməməsi üçün öz fədəkar missiyasını həyata keçirirdi.

"Azərbaycanda itlər güllələnir", ermənilərin mina terroru hələ də davam edir, "Dina" adlı it ermənilərin mina terrorunun qurbanına çevrildi.

Bu üç məsələ arasında paralellik apardıqda, insan haqları və demokratiyanı müdafiə etdiyini iddia edən Qərbin yanaşması suallar doğurur.

Maraqlıdır, görəsən "itlərin güllələnməsi"nə etiraz edən, amma insan həyatını hədəfə alan mina terroruna səssiz qalan Qərb indi "Dina"nın tələf olmasına hansı reaksiyanı verəcək?

Lazım olanda heyvan haqlarını insan haqlarından da üstün tutan Qərb normal məntiqlə "Dina"nın ölümünə dərhal reaksiya verməli idi. Hərçənd ki, bu inandırıcı görünmür. Çünki təcrübə də onu göstərir ki, Qərb yalnız Azərbaycan dövlətini hədəfə almaq istəyəndə heyvan haqları yadına düşür. Amma bu dəfə də Qərb ermənilərin mina terrorunu görməməzlikdən gəlmək üçün hətta Avropa cinsi olan "Dina"nın ölümünə belə səssiz qalacaq.

Onlardan fərqli olaraq, Azərbaycan dövləti heyvan haqlarını səmimi müdafiə edir və "Dina"nın tələf olmasına həqiqətən təəssüf edirik. Çünki bir çox Avropa ölkəsindən fərqli olaraq, "Dina" ermənilərin mina terroruna qarşı sonadək mübarizə apardı.

Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru

D
demokrat.az