“Bu gün Ermənistanın baş naziri Nikol Paşınyan hökumətin iclasında çıxış edərək yenidən Azərbaycana qarşı separatçılıq iddiaları irəli sürüb. Baş nazirin sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda “Dağlıq Qarabağ” müəyyən edilib. Bəyanat isə sadəcə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməli olduğu ərazini müəyyənləşdirib”.
Demokrat.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O vurğulayıb ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir:
“Əgər Ermənistan sülh istəyirsə, ilkin şərt və istisnalar olmadan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan əlavə Nikol Paşinyan bildirib ki, Ermənistan və Rusiya Azərbaycanın ərazisində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı ikitərəfli razılaşma imzalayıb. Mandatı Rusiya Azərbaycanla razılaşdırmalıdır və təəssüf ki, Rusiya bu prosesdə konstruktiv deyil. Bütün erməni birləşmələrinin (nizami, nizamsız və s.) tam çıxarılmasının şərtləri üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən tam yerinə yetirilməlidir”.
Laçın dəhlizinə gəlincə, ekspert əlavə edib ki, yeni marşrut eyni bəyanata uyğun olaraq 3 il ərzində hazır olmalıdır:
“Azərbaycan qoyulan müddətdən əvvəl şərtləri yerinə yetirir. Ermənistan indiyədək istənilən proseslərə maneçilik törədib. Bütün istiqamətlərdə demək olar ki, konkret irəliləyiş qeydə alınmayıb. Ermənistan prosesi qeyri-müəyyən müddətə təxirə salmaq taktikasına əl atır və geosiyasi hadisələrin öz xeyrinə dönüşünü gözləyir. Oxşar taktika 2-ci Qarabağ müharibəsindən əvvəl də tətbiq edilmişdi və uğursuzluqla nəticələnmişdi. İndiyə qədər Ermənistanla Azərbaycan arasında danışıqlarda hər bir irəliləyiş Azərbaycanın təşəbbüsü və təzyiqi ilə əldə edilib. Azərbaycanın təklif etdiyi beş bənd sülh prosesinin irəliləməsi üçün vacibdir”. F.Şəfiyev əlavə edib ki, sülh prosesinə gəldikdə bu baxımdan 4 əsas istiqamət mövcuddur: “Birincisi, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə (təbii ki, Qarabağ regionu Azərbaycanın tərkibi kimi qəbul edilməklə) əsaslanan sülh müqaviləsi və gələcəkdə ərazi iddialardan imtinadır. İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasıdır. Üçüncüsü, nəqliyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyadır. Nəhayət, dördüncüsü isə humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş şəxslər, əsirlər, mədəni irs (həm Ermənistan, həm də Azərbaycanda), iki etnik qrup arasında barışıq, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və s. məsələlərdir”.
O diqqətə çatdırıb ki, bununla yanaşı, 10 noyabr bəyanatında əks olunmuş və yekunlaşmamış bəzi məsələlər həll olunmamış qalır: “Bunlardan ən birincisi nizamlı və nizamsız bütün erməni silahlı birləşmələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarılması məsələsidir. İkinci vacib olan Azərbaycanın qərb regionu və Naxçıvan (Zəngəzur dəhlizi) arasında dəhlizin açılması, yeni Laçın dəhlizinin açılması məsələsidir. Həmçinin, Laçın və digər yaşayış məskənlərinin Azərbaycanın nəzarətinə qaytarılmasıdır. Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasında təsbit olunmuş hüquqları təmin edilməklə hüquqi, iqtisadi və digər sahələrdə Azərbaycan cəmiyyətinə reinteqrasiyası isə Azərbaycanın daxili məsələsidir”.
“Bu proseslər, öz növbəsində, qlobal və regional aktorlar tərəfindən dəstəklənən gələcək Cənubi Qafqaz regional əməkdaşlıq çərçivəsi ilə gücləndirilə bilər. Münaqişə ilə bağlı gündəmi canlandırmaq (məsələn, ATƏT MQ) və müxtəlif formalarda ərazi iddialarını təşviq etmək cəhdləri prosesləri çıxılmaz dalana və gələcək müharibəyə gətirib çıxaracaq”.
Aynurə Demokrat.az


