Masallının Ərkivan qəsəbəsində anadan olan və hazırda ABŞ-da yaşayan 16 yaşlı Ruslan Mikayılov Amerikanın eyni vaxtda ödənişsiz və təqaüdlü 4 məşhur universitetinə qəbul olub.
Demokrat.az xəbər verir ki, 9 yaşından ailəsi ilə birlikdə Amerikaya köçən Ruslan 12 illik orta məktəbi əlaçı və nümunəvi şagird kimi vaxtından əvvəl 16 yaşında yüksək qiymətlərlə bitirib.
Ruslana qəbulla bağlı dəvət göndərən universitetlər bunlardır:
1. The George Washington University
2. University of Maryland
3. University of Maryland ( UMBC)
4. Virginia Tech
Bir neçə il öncə Ruslan ABŞ-ın sabiq prezidenti Obamanın xanımı Mişel Obama tərəfindən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb.
Ruslanın şərəfinə onun oxuduğu məktəbdə Azərbaycan bayrağı asılıb.
Ruslanın atası Azərbaycan Texniki Universitetini bitirib. Hazırda ABŞ-da, Vaşinqton şəhərində iş adamı kimi çalışır.
Ruslanın əmisi Qorxmaz Mikayılov Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və Kiyev Dövlət Kibernetika institutunda elmi dərəcəyə yiyələnib. Daha sonra ABŞ-da Kompüter elmləri üzrə doktorluq dərəcəsinə yüksəlib. Hazırda ABŞ-da (Vaşinqtonda) dövlət qulluğunda və elm sahəsində çalışır.
Ruslanın əmisi oğlu Anar Mikayılov orta məktəbi ABŞ-da fərqlənmə diplomu ilə başa vurub, daha sonra ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin Tibb fakültəsini bitirib. Hazırda ABŞ-ın Vaşinqton şəhərində klinika direktorudur.
Ruslanın əmisi Rahib Mikayılov Kiyev Dövlət Politexnik İnistutunu bitirib. Elmi dərəcəsi var. Hazırda ABŞ-da, Vaşinqton şəhərində Dövlət Administrasiyasında kompüter sahəsi üzrə məsul vəzifədə çalışır.
Ruslanın əmisi Rasim Mikayılov Azərbaycan Dövlət Texniki Universitetini bitirib və hazırda Amerikada mühəndis işləyir.
Ruslanın bacısı Sabrina Mikayılova orta təhsilini vaxtından əvvəl 16 yaşında ABŞ-da başa vurub. Hazırda Amerikada Maryland Universitetində Tibb və Komputer elmləri üzrə təhsil alır.
Malik Demokrat.az


