Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi edib. Düzdür, Entoni Blinken bu il ərzində bənzər şəkildə bir neçə dəfə zəng edib, lakin onun bir gündə iki dövlət başçısına zəng etməsi diqqət çəkir. Bəs, Vaşinqton bununla nəyə nail olmaq istəyir?
Politoloq Fuad Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Entoni Blinkenin həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etməsinin başlıca səbəbi Qafqaz bölgəsində sabitlik, stabillik və Rusiyanın təsir gücünü azaltmaqla əlaqədardır. Politoloq vurğulayıb ki, qələbəmizdən əvvəl Amerika Birləşmiş Ştatları həm Azərbaycan, həm də Ermənistanla ATƏT-in Minsk qrupu vasitəsilə münasibət saxlayırdı:
“Yəni, bütün mesajları bu qrup vasitəsilə həm Azərbaycan, həm Ermənistan liderlərinə göndərirdi və müvafiq cavablar alırdı. Bu qrupda Rusiya da var idi. Beləcə, Qarabağ konflikti ətrafında fikir mübadiləsi həyata keçirdi, amma konflikt həll olunmurdu. Azərbaycan öz gücü ilə BMT-nin qətnamələrini həyata keçirdikdən sonra Amerikanın siyasəti də dəyişdi, belə deyək ki, Minsk qrupu özü-özünü ləğv etdi, beləcə ABŞ -ın birbaşa dialoq yaratmaq zərurəti yarandı. Bu zərurətdən yola çıxaraq Entoni Blinken həm Ermənistan, həm Azərbaycan liderlərinə birbaşa zəng edərək bu məsələnin həlli yönündə müzakirələr aparmağı tərcih edir”.
“Əlbəttə ki, burada Ukrayna faktoru da vacibdir, Rusiyanın başı Ukraynaya qarışıb. Rusiya heç də Ermənistanın problemlərini həll etməyə qadir deyil. Rusiya üçün vacibdir ki, Cənubi Qafqaz bölgəsində Azərbaycan kimi güclü partnyoru olsun, nəinki, Ermənistan kimi zəif bir dövlət. Eynilə də, Amerika Birləşmiş Ştatları da Azərbaycan kimi güclü partnyorun tərəfdarıdır. Onun üçün də mənə elə gəlir ki, bu birbaşa dialoq Qarabağ problemlərinin qalıqlarının da yaxın zamanda həll olunmasına gətirib çıxaracaq”.
Aynurə Pənahqızı Demokrat.az


