“Yeni icra başçılarının təyinatı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, sosial ədalət prinsiplərinin qorunmasına, milli birliyin daha da möhkəmlənməsinə yönəlik çağırışdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib. Deputat əlavə edib ki, Ölkə Başçısının kadr təyinatlarını yeni formatda şəffaf şəkildə, ictimaiyyət qarşısında keçirməsi, bu və ya digər sahələrdə aparılan dövlət siyasətinin mahiyyətini göstərir:
“Bu baxımdan, Vətən müharibəsində canlarından keçmiş şəhid ailələrinə, qazilərə dövlətin göstərdiyi qayğı, hər bir məmur, vətəndaş üçün örnək olmalıdır.

12 mindən artıq şəhid ailələrinin, qazilərin mənzillə, minik avtomobilləri, tibbi ləvazimatlarla təmin olunması, müalicə-bərpa işləri, sosial, məşğulluq problemlərinin həlli, bir dəfəlik maddi yardımların göstərilməsi, Prezidentin “Onlara hər birimizin borcu var” kəlməsinin sübutudur. Hər bir məmur, bundan nümunə götürməli, çalışdığı sahədə şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, vətəndaşlara münasibətdə sosial ədalət prinsiplərinində çıxış etməlidir. Yalnız bu halda, məmur-vətəndaş münasibətlərində müsbət nəticə əldə etmək, milli birliyə nail olmaq mümkündür”.
Millət vəkili qeyd edib ki, Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də ayrı-ayrı məmurların öz vəzifələrinə, hələ də köhnə təfəkkürlə yanaşmalarıdır:
“Gündəlik fəaliyyətlərində rüşvətxorluğa, korrupsiya hallarına yol vermələri, insanlarla şəxsi mülkiyyəti kimi davranmaları, sahibkarlıq subyektlərinə maneçiliklər törətmələridir. Bir çoxları cəzalandırılsalarda, işində dönüş yaratmaq istəməyən məmurlar da kifayət qədərdir. Ona görə də, Prezident telekameralar qarşısında həm məmurlara, həm də xalqa bir daha müraciətində neqativ halların aradan qaldırılması üçün tapşırıqlarını verdi. İctimai nəzarətin zəruriliyindən danışdı. Ölkə Başçısının səsləndirdiyi hər bir fikir, Azərbaycan dövlətinin inkişafına, cəmiyyətin mənəvi saflaşmasına, milli birliyin təmin olunmasına xidmət edir. Statusundan asılı olmayaraq, hər kəs düzgün nəticə çıxarmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


