Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Samir ailə münaqişəsi zəminində atası Əflatuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib.
Cinayət işi üzrə ifadə verən Samir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, atası Əflatun anası Gülşənlə 10 ildən artıqdır boşanıblar:
“Buna baxmayaraq, bir ünvanda yaşayırlar. Atam fərdi qaydada ev ustalığı ilə məşğul olur. Axşamlar evə gələndə həmişə içkili vəziyyətdə olur. Evdə mənimlə və anamla əsassız yerə mübahisə edir. Ailə başçısı olduğu üçün atamın hərəkətlərinə həmişə dözmüşəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün saat 22:00 radələrində evdə olarkən atası yenə içkili vəziyyətdə olub:
“Anamla mübahisə etməyə başladı. Mən və anam atamı sakitləşdirmək istədik. Lakin atam anamı küçə söyüşləri ilə söyəndə dözmədim. Atamın sifətinə və başına yumruqla bir neçə zərbə vurdum. Atam məni də söyərək evdən çıxdı”.
Samir ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib. Bildirib ki, atası ilə barışıb. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əflatunun sözlərinə görə, arvadı ilə illər əvvəl boşansa da, onlar eyni evdə yaşayırlar:
“Oğlum Samir ailəlidir, arvadı və bir azyaşlı uşağı ilə birlikdə mənim evimdə yaşayırlar. Gülşənlə münasibətləri soyuqdur. Gülşən dəfələrlə mənə öz evimdən çıxıb başqa ünvanda yaşamağımı, evi oğluma verməyimi desə də, mən bununla razılaşmamışam. Gülşən məni saymadığına, hörmətsizlik etdiyinə və oğlum Samiri öz tərəfinə çəkərək mənə qarşı qoyduğuna görə onlardan imtina etmək niyyətindəyəm. Bununla bağlı məhkəməyə müraciət edəcəm”.
Zərərçəkən qeyd edib ki, hadisə baş verən günü axşam evdə yemək yeyib, bir az spirtli içki qəbul edib:
“Saat 22 radələrində evdə olan zaman Gülşən əsassız yerə mənimlə mübahisə etməyə başladı. Mən də əsəbləşdim, Gülşənə “nəslinlə qələt eləyərsən, mənim işimə qarışarsan” deyərək danladım. Həmin vaxtı oğlum Samir yumruqla sifətimə və başıma bir neçə zərbə vuraraq məni döydü. Nəticədə xəsarət aldım”.
Zərərçəkmiş ata ifadəsinin sonunda oğlu ilə barışdığını, ona qarşı şikayətinin olmadığını deyib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Samirin barəsində cinayət işinə xitam verilib. Buna səbəb onun atası ilə barışması, atasının ondan şikayətçi olmamasıdır.
Fariz Məlikli
Demokrat.az


