Gündəm Özəl

“İran özünü tərəzinin digər tərəfinə dürtməklə “mən də varam” mesajı verir” — ŞƏRH

“İran özünü tərəzinin digər tərəfinə dürtməklə “mən də varam” mesajı verir” — ŞƏRH

İran tezliklə Ukrayna müharibəsi üçün Moskvaya silahlı da daxil olmaqla yüzlərlə PUA göndərəcək və rus əsgərlərinə pilotsuz təyyarələrlə bağlı təlim keçəcək. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ağ Evdə gündəlik mətbuat brifinqinə deyib.

Məsələni Demokrat.az-a şərh edən siyasi şərhçi Tural İrfan bildirib ki, İranın Rusiya ilə bir çox qarşılıqlı əlaqələri və üst-üstə düşən strateji maraqları var. Politoloq qeyd edib ki, İranın Ukrayna müharibəsinə qoşulması real görünmür:

“Qoşulsa belə, Qərb və ABŞ Ukrayna tərəfindən hansı formada qoşulubsa, o da o cür qoşula bilər. Əks halda dünya müharibəsi baş verə bilər. Qərb, ABŞ Ukraynaya silah verir, bunun müqabilində də İran Rusiyaya silah verməyi düşünür. Bu müharibə çox uzanacaq. Demək olar ki, İraq - Amerika müharibəsi qədər çəkəcək. Ukrayna dağıntılara rəğmən savaşı tez bitirmək arzusunda olsa da onun arxasında duran Qərb Rusiyanı iflasa uğratmadan əl çəkənə oxşamır. Çünki Rusiyanı çökdürmək Qərbin uzun illik niyyətidir və bu fürsət bir də ələ düşməz. Odur ki, Qərb üzücü müharibə üslubu ilə Rusiyanı geri çəkilməyə məcbur etmək istəyir. Savaşın əvvəlindəki sanksiyalar da ona görə idi ki, savaş uzandıqca Rusiyanın iqtisadi çöküşü sürətlənsin və nəticədə də əhalinin Putin hökumətinə qarşı etiraz dalğası başlasın. Rusiya da öz növbəsində bunları bilir və qabaqlayıcı tədbirlər həyata keçirir”.

“İran özünü tərəzinin digər tərəfinə dürtməklə “mən də varam” mesajı verir” — ŞƏRH

“Əslində Rusiyanın da planı heç də ildırımsürətli müharibə deyildi. O da üzücü və yorucu müharibə ilə zaman daxilində Ukraynanı təslim olmağa məcbur etmək istəyirdi. Rəsmi müharibə elan etməyib və hazırki savaşı xüsusi əməliyyat kimi aparır. Yəni, demək istəyir ki, əsas qorxulu müharibəyə hələ başlamayıb. Fəqət üzücü müharibənin Rusiyaya vurduğu ziyanın artması və Qərbin Ukraynaya sərhədsiz dəstəyi Rusiyanı da narahat edir, ona görə də öz tərəfdaşlarından kömək umur. Rusiyanın ən böyük dəstəkçilərindən biri kimi İranın onlara silah vermək arzusu da realdır. Amma İranın bu addımı Qərbi qıcıqlandıracaq və İrana qarşı təzyiqləri artıra bilər. Əsasən də Amerika Birləşmiş Ştatları bu müharibəyə nəinki İranın, başqa heç bir dövlətin Rusiya tərəfdən müdaxiləsinə imkan verməz. İraq, Suriya nümunəsi göz önündədir və həmin ölkələrdə İranın, Rusiyanın Amerikaya hansı maneələr yaşaması açıqdır”.

Analitik bunun ölkəmizə təsirlərini də şərh edib:

“Ölkəmizə təsiri baxımından şübhəsiz ki, bu normal hal deyil. Həm Rusiyadan sonra ikinci bir qonşumuzun savaşın iştirakçısına çevrilməsi, həm də regionda gedən proseslərin mənfi istiqamətdə inkişafı ehtimalı baxımından İranın Rusiyaya silah ötürməsi yaxşı hal deyil. Həm də İranda bir Türkiyə rəqabəti var. Türkiyənin istehsal etdiyi PUA-lar Ukraynada böyük nailiyyətlərə gətirib çıxarır. Ona görə də, İran özünü tərəzinin digər tərəfinə dürtməklə "mən də varam" mesajı verir. Azərbaycan üçün hər bir halda açıq təhlükənin olmasını güman etmirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az