Gündəm Özəl

“Avropa İttifaqı ötən 30 ildəki ritorikasından yayınmağa cəhd edir” — ŞƏRH

“Avropa İttifaqı ötən 30 ildəki ritorikasından yayınmağa cəhd edir” — ŞƏRH

“Rusiya 30 il öncə münaqişənin başlanmasına rəvac verən tərəf olduğu kimi, bugün də münaqişə vəziyyətinin davam etməsinə rəvac verən ölkədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Politoloq qeyd edib ki, sülhməramlı adı altında bölgəyə yerləşən rus hərbçiləri təyin olduqları gündən bəri öz missiyalarından kənar fəaliyyət göstərib:

“Onlar bölgədə sülhü təmin etmək, təxribatların qarşısını almaq əvəzinə onların varlığına hələ uzun müddət ehtiyac varmış kimi görüntü yaratmağa çalışırlar. Ən azından 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin icrasında mükələfiyyətli olan sülhməramlılar hələ də onun icrası istiqamətində heç bir addım atmayıblar. Prosesə sonradan qoşulan Qərb cinahı isə müqayisədə daha ciddi addımlar atmağa cəhd etmiş, Avropa İttifaqı moderatorluğunda keçirilən sülh danışılarında daha ciddi nəticələr əldə olunmuşdur”.

Z.Qarayeva əlavə edib ki, bu nəticələrin əldə olunması Qərb ölkələrinin bölgədə varlığını və nəticə etibarıyla Moskvanın regiondan sıxışdırılmasın ehtiva etdiyi üçün Rusiya bacardıqca Brüssel danışıqlarını sabotaj etməyə, İrəvanı da danışıqlardan maksimum yayındırmağa çalışır: “Mövcud beynəlxalq gərginliklər bölgədə sülh quruculuğuna daha çox ehtiyac yaratdığı üçün və Cənubi Qafqaz regionunun geostrateji baxımdan dünyadakı proseslərə yön verə bildiyini nəzərə alsaq, Avropa İttifaqı ötən 30 ildəki ritorikasından yayınmağa cəhd edir. Çünki, sülh və əməkdaşlıq artıq onların da maraqlarına uyğundur. Cənubi Qafqazda isə Azərbaycanın önəmli ölkə olması, oyunquran dövlət olması faktoru Qərb ölkələrinin Azərbaycanla bağlı siyasətində korrektələrə səbəb olub. Bütün bunlar Ukrayna ilə bağlı planlarını "üzünə-gözünə bulaşdıran" Kreml üçün tək buxov Cənubi Qafqaz olduğu bir vaxtda Rusiyanı qıcıqlandırmaya bilməz. Çünki, münaqişənin tamamilə aradan qalxması Moskvanın bölgədən sıxışdırılıb çıxarılması anlamına gəlir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az