Bərdə rayonunda 1968-ci il təvəllüdlü Habil şəxsi münasibətlər zəminində tanışı Vaqifə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 noyabr 2020-ci ildə baş verib. Habil sərxoş vəziyyətdə tanışı Vaqiflə əvvəlcədən aralarında olan pul borcuna və həmin borcdan bir qismini onun arvadına verməsinə görə aralarında münaqişə yaranıb. Bu zəmində yaranan münaqişə zamanı Habil Vaqifə bıçaqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Habilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Habil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə şəhəri, Sabir küçəsində ailə üzvləri ilə birlikdə yaşayıb: “Ustalıq edib, ailəmi dolandırmışam. Vaqifi də usaqlıqdan tanımışam. Noyabrın 23-də Vaqifin evinin mətbəxinə kafel vurmaqla təmir işləri görmüşəm. Əvvəldən razılaşmalarımıza əsasən kafelin kvadratını 5 manatdan vurmuşam. Noyabrın 23-də işini qurtardıqdan sonra Vaqif mənə 20 manat verdi. Təklif etdi ki, onunla birlikdə yeyib-içim. Mən də razılaşaraq yaxınlıqdakı marketdən spirtli içki və siqaret aldıq, onunla yeyib-içdikdən sonra evə gəldim. Evə gələndə gördüm ki, 20 manatın hamısını yeyib-içməyə xərcləmişəm. Ona görə də Vaqifə zəng edərək “evə çörək almağa pulum qalmayıb, mənə əlavə 20 manat da ver” dedim. Vaqif isə mənə cavabında işlədiyi işə görə düz pul verdiyini bildirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün yorğun olduğu üçün yatıb: “Səhər tezdən yenidən Vaqifin telefonuna zəng etdim, mənə 20 manat verməli olduğunu bildirdim. Səhər saatlarında Vaqif yaşadığım evə gələrək arvadıma 20 manat da verdi. Vaqifin bu hərəkəti xətrimə dəydi. Bir daha onlarda işləməməyi qərara aldım. Vaqifə zəng etdim, bu barədə bildirdim və evdə qalan alətlərimi gətirməsini istədim. Vaqif isə mənə “laqonda” aparatını verməyəcəyini dedi, “laqonda” aparatını yandırdığını, işi yekunlaşdırmasa alətləri qaytarmayacağını söylədi. Bu barədə qonşumuz Elşada da məlumat verdim. Elşad da məni əmin etdi ki “laqonda”nı Vaqifdən alaraq qaytaracaq. Vaqif alətlərimi qaytarmamasına görə ona zəng etdim, iradımı bildirdim. Həmin vaxt bir-birilərimizin ünvanına nalayiq ifadələr işlətdik”.
Habil qeyd edib ki, noyabrın 24-də, saat 17 radələrində Vaqif bacısı oğlu Etibar ilə onun yaşadığı ünvana gəliblər: “Vaqif həyətə girən kimi məni söyə-söyə əlindəki su şlankı ilə baş nahiyəmdən bir neçə dəfə vurdu. Həmin vaxt qonşumuz Elşad və onun bacısı oğlu bizi aralaşdırdılar. Mənim əsəbim soyumadığı üçün cibimdə olan bıçaq ilə Vaqifin qarın nahiyəsinə bir dəfə zərbə endirdim. Vaqif qarnını tutaraq yerə oturdur. Daha sonra Etibar Vaqifi mənim həyətimdən çıxartdı”.
Habil qeyd edib ki, bundan sonra Vaqifi vurduğu bıçağı arvadına verib: “Sonra evdən getdim. Şəhərdə olarkən isə polis əməkdaşları məni Bərdə rayon polis şöbəsinə gətirdilər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Habil 1 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


