Gündəm Özəl

Politoloq: “Geosiyasi maraqlar uğrunda mübarizə yeni güclərin meydana gəlməsinə səbəb olur”

Politoloq: “Geosiyasi maraqlar uğrunda mübarizə yeni güclərin meydana gəlməsinə səbəb olur”

“Müasir texnologiyaların tətbiqini genişləndirməklə, müasir insan nəslinin (süni intelekt) meydana gəlməsini təmin etmək, daha asan idarə olunan, istək və arzulara uyğun hərəkət edə bilən, az xərc tələb edən yeni bir bəşəriyyətin - texnokratiyanın formalaşmasına cəhdlər özünü göstərməkdədir”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Ekspert qeyd edib ki, elektron hökümət, elektron ticarət, elektron valyuta, onlayn bankçılıq, onlayn alış-veriş, süni intelektli robotlar müasir dünyanın reallıqları kimi qəbul olunmaqdadır:

“2019-cu ilin sonunda başlamış “Covid-19” pandemiyası dediklərimizin həqiqət olduğunu düşünməyə əsas verir. Belə ki, dünya dövlətlərinin virusla mübarizə aparması ilə bərabər onları daha çox yeni çağırışların, tələblərin necə olacağı düşündürür və ciddi narahat edir. Bundan irəli gələrək beynəlxalq güclərin artan maraqları dövlətlərarası ziddiyyətləri dərinləşdirir və hərbi qarşıdurmanın meydana gəlməsini qaçılmaz edir. Artıq geosiyasi maraqların kəsişməsi, münasibətlərin gərginləşməsi, beynəlxalq münasibətlər sistemində müşahidə edilən ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsini şərtləndirir və dövlətlərin təhlükəsizlik məsələsini gündəmə gətirir. Əsasən də milli təhlükəsizlik: hərbi, siyasi, iqtisadi və s. təhlükəsizliyin təmin edilməsi və qorunub saxlanılması xarici siyasətin qarşısında mühüm vəzifə olaraq irəli sürülür”.

R.Hüseynov qeyd edib ki, geosiyasi maraqların toqquşması hərbi müdaxiləyə və müharibəyə rəvac verir:

“Ukrayna-Rusiya arasında gedən müharibə bu mənada diqqətçəkicidir. Faktiki olaraq dövlətləri iki qütbə bölməklə onları dilemması qarşısında qoyan müharibə ciddi problemlər yaratmaqda bərabər dünya düzəninə də öz təsirini göstərməkdədir. Baş vermiş bu cür müharibələr təkcə suveren dövlətlərin milli hüquq və haqlarının, təhlükəsizliyin və ərazi bütövlüyünün, dövlətlərarası münasibətlərin, beynəlxalq normaların pozulmasına, həm də qlobal iqtisadi, ekoloji və sosial fəlakətlərin dərinləşməsinə təkan verir. Geosiyasi maraqlar uğrunda mübarizə yeni güclərin də meydana gəlməsinə səbəb olur. Ənənəvi güclərin mövqelərinin zəifləməsi yeni qüvvələrin üstünlük qazanmasına şərait yaradır. Beləki, Suriya, İraq, Liviya olan münaqişələrinin, o cümlədən İkinci Qarabağ müharibəsinin həllində üstün tərəf kimi çıxış etməsi Türkiyənin regional və beynəlxalq nüfuzunun artmasına, geosiyasi mövqelərini möhkəmləndirir. Bu həm də ənənəvi güclərin illərdir davam edən hegemonluğunu, imperalist və ekspansionist siyasətlərini zəiflədir”.

“Görünən odur ki, Türkiyənin düşünülmüş və dövlətlərlə münasibətləri korlamadan apardığı xarici siyasəti müsbət nəticələr verməkdədir. Türkiyənin 2023-cü ildə dünyanın ən güclü dövlətlərindən birinə çevrilmək üçün hədəflərini nəzərə aldıqda Azərbaycanın daha çox onun yanında yer alması, hərbi-siyasi-iqtisadi əməkdaşlığı möhkəmləndirməsi dövlətin milli və hərbi təhlükəsizliyinin təmini və regional nüfuzunun yüksəlməsi üçün vacibdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az