Gündəm Özəl

Mahir Xəttabın anası oğlunun əfv olunması üçün Prezidentə müraciət etdi

Mahir Xəttabın anası oğlunun əfv olunması üçün Prezidentə müraciət etdi

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) anası Nazilə Ələkbərova Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Demokrat.az-a Nazilə Ələkbərovanın özü məlumat verib.

O, müraciətində oğlunun əfv olunmasını Prezident İlham Əliyevdən xahiş edib: “Mənim oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlu (Mahir Xəttab) azadinfo.az saytının təsisçisidir və direktoru vəzifəsində çalışırdı. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmü (sədrlik edən hakim Azər Tağıyev) ilə barəsində 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib. Ələkbərov Mahir Məmmədhəsən oğlu 8 ilə yaxın müddətdir ki, media fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti dövründə daima Sizin ölkədə apardığınız uğurlu daxili və xarici siyasəti dəstəkləyib, Vətən müharibəsi dövründə jurnalist kimi media sahəsinə böyük töhfələr verib. Hər zaman ölkə rəhbərinin apardığı siyasi mövqeyi dəstəkləyib. Belə mövqeyi azadinfo.az saytında yerləşdirilən məqalə və informasiyalarda görə bilərsiniz.

Mən Ələkbərov Mahir Məmmədhəsən oğlu ilə birlikdə yaşayıram. Mərhum yoldaşım Ələkbərov Məmmədhəsən Səməd oğlu Əfqanıstanda sülhməramlı kimi xidmət edib. Özüm isə ürək və şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlumun həbsdə qalması tək mənim həyat və sağlamlığımın deyil, oğlumun yüksək təzyiqli olması səbəbindən həyatının təhlükə altında qalması ilə nəticələnəcəkdir. Mənim bütün maddi və mənəvi ehtiyaclarım oğlum tərəfindən qarşılanırdı.

Yuxarıda göstərilənləri nəzərə alaraq, oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlunun əfv olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az