“Çox təəssüf ki, Azərbaycan və Ermənistan sərhəddində təxribatlar davam edir”.
Bu fikirləri Demokrat.az-a politoloq Anar Əliyev deyib. Politoloq hesab edir ki, bu təxribatların baş verməsində çox ciddi səbəblər mövcuddur:
“Təbii ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi xüsusilə də, böyük sülh razılaşmasının imzalanmasında maraqlı olmayan qüvvələr kifayət qədərdir. Həmin qüvvələr xüsusilə Rusiya, eyni zamanda bəzi qərbi Avropa dövlətləri bu münasibətlərin bərpa olunması prosesini pozmaq və ən azı bu prosesi mümkün qədər uzatmağa çalışırlar”.
Politoloq qeyd edib ki, burada əsas vasitə məhz Ermənistan və Ermənistandakı revanşist qüvvələrdir:

“Hansı ki, o qüvvələrin vasitəsilə Ermənistan-Azərbaycan sərhəddində müxtəlif təxribatlar törətməklə, diplomatik səviyyədə aparılan danışıqlara zərbə vurmaq və mümkün sülh danışıqlarını pozmağa çalışırlar. Xüsusilə nəzərə alsaq ki, aprel ayının 6-da Ermənistan və Azərbaycan liderləri Avropa İttifaqı Şurası Şarl Mişelin iştirakı ilə görüşdülər və bu görüş zamanı Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi arasında iki dövlətlərin tənzimlənməsi istiqamətində çox ciddi razılaşmalar əldə olundu. Bu razılaşmaların başlıca istiqaməti Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya proseslərinin həyata keçirəcək işçi qrupunun yaradılması və eyni zamanda iki dövlətin xarici işlər nazirləri səviyyəsində sülh danışıqlarının başlanması ilə bağlı prosesləri özündə birləşdirirdi”.
“Lakin bundan sonra Paşinyanın Moskvaya dəvət olunması və Moskvada supergüclərdən birinin lideri kimi qarşılanması, ona xüsusi diqqətinin göstərilməsi göstərdi ki, Rusiya başqa bir platformadan Avropa İttifaqı Şurası səviyyəsidə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsini həzm etmək istəmir. Bu prosesdə Rusiyanın aparıcı rolunun aradan çıxmasını, ikinci plana keçməsini qarşısını almağa çalışır. Bu istiqamətdə mühüm addım da Ermənistana təzyiqlər etməklə və ya Ermənistandakı əlaltılar vasitəsilə Azərbaycanla münasibətləri soyuda biləcək və bu prosesləri gecikdirə bilcəək təxribatların törədilməsidir. Hesab edirəm ki, Kəlbəcərdə baş verən proseslər məhz bu məqsədlərə xidmət edir və əsas hədəf Azərbaycan və Ermənistan arasında qısa müddət ərzində formalaşdırmalı olan sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun yaradılması prosesinin uzadılması və xarici işlər nazirləri səviyyəsində təmasların azaldılması, minimuma endirilməsi və sülh müqaviləsi ilə bağlı danışıqların uzadılmasına xidmət edir,”-deyə politoloq əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


